Bank Of Baku

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının sədrinin seçilməsi üçün prezidentlə QHT-lərin məsləhətləşmələri ləngiyir

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının sədrinin seçilməsi üçün prezidentlə QHT-lərin məsləhətləşmələri ləngiyir
# 11 yanvar 2010 10:06 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstanda Mərkəzi Seçki Komissiyasının sədrinin seçilməsi üçün prezidentlə qeyri-hökumət təşkilatlarının (QHT) məsləhətləşmələri baş tutmayıb.

Məsləhətləşmələrə qatılan QHT-lərdən Vətəndaş İnteqrasiyası Fondunun prezidenti Zaur Xəlilov APA-nın Gürcüstandakı xüsusi müxbirinə bildirib ki, buna səbəb prezident Mixail Saakaşvilinin ölkədən xaricdə olması olub: “Prezident Administrasiyasının və QHT-lərin təmsilçiləri arasında keçirilən məsləhətləşmələrdə isə texniki məsələlərə toxunulub”.

Z.Xəlilovun dediyinə görə, prezidentlə QHT təmsilçiləri arasında növbəti görüşün vaxtı dünən Batumiyə təyin olunub, amma bu görüş də baş tutmayıb: “Bunun səbəbləri barədə də bizə heç bir məlumat verilməyib”.

Bu gün M.Saakaşvili Gürcüstanda səfərdə olan ABŞ prezidentliyinə keçmiş namizəd, senator Con Makkeyni qəbul edib və ona Milli Qəhrəman ordenini təqdim edib. Hazırda C.Makkeyn Batumidə QHT təmsilçiləri ilə görüşür. Həmin görüşdə iştirak edən Z.Xəlilov bu gün axşam prezidentlə görüşəcəklərinə və MSK sədri postuna namizədlərin müəyyənləşəcəyinə əmin olduğunu bildirib.

Bu arada MSK sədrinin səlahiyyətlərini icra edən Levan Tarxnişvili prezidentin artıq prosedur pozuntularına yol verdiyini etiraf edib. Onun sözlərinə görə, bu pozuntular səbəbindən MSK sədrinin seçilməsi baş tutmasa, o, nəzəri olaraq öz postunda qalacaq.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvilinin səlahiyyət müddəti Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən başa çatıb. Bundan sonra MSK sədri Gürcüstan prezidentinin qeyri-hökumət təşkilatları ilə razılaşdırdığı 3 namizəd arasından komissiya tərəfindən seçiləcək. MSK sədri postuna namizəd MSK sistemində fəaliyyət sertifikatına malik olmalıdır. MSK sədri müsabiqəsində iştirak etmək üçün prezidentə 20 müraciət daxil olub. MSK-nın üç üzvünün səlahiyyət müddətinin başa çatması ilə əlaqədar start verilən müsabiqə dekabrın 31-dən başlayıb.

“MSK bir boş yerə üç namizədi prezidentə təqdim edəcək. Prezident isə yanvarın 11-dən gec olmayaraq bir vakant yerə iki namizəd olmaqla parlamentə təqdimat göndərəcək” – deyə Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib.

Seçilmiş namizədlər parlament müxalifətinə təqdim olunacaq. MSK sədrini seçmək hüququ da məhz müxalifətə təqdim olunacaq. Sədrin seçilməsi üçün MSK-nın ən azı dörd üzvünün səsi lazımdır. MSK üzvləri sədr seçə bilməsələr, bu hüquq parlamentə keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR