Bank Of Baku

Gürcüstan ictimaiyyəti «Kavkasiya» televiziya kanalında baş verən insidenti pisləyib

Gürcüstan ictimaiyyəti «Kavkasiya» televiziya kanalında baş verən insidenti pisləyib
# 08 may 2010 20:48 (UTC +04:00)
TiflisNizami Məmmədzadə-APA. Dünən Tiflisdə «Kavkasiya» televiziya kanalında İrakli Deisadzenin «Saidumlo siropa» kitabı ilə bağlı debatdan sonra insident baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, debat zamanı səslənən fikirlər «Pravoslav valideynlər ittifaqı»nın (PVİ) və «Provaslav Xalq Hərəkatı»nın (PXH) nümayəndələrinin xoşuna gəlməyib. “Kavkasiya”nın jurnalisti Aleko Elisaşvilinin sözlərinə görə, veriliş sona çatdıqdan sonra PVİ-nin və PXH-nın nümayəndələri telekanalın həyətinə toplaşaraq «Baryer» proqramından çıxan Beku Mindiaşvili, Teo Xatiaşvilini və studiyada olan operatorlara, telekanalın təsisçisi və aparıcısı David Akubardiyaya fiziki təzyiq göstəriblər. Hadisə zamanı bir neçə ruhani də buraya gəlib. Polis işə qarışdıqdan sonra 8 nəfər tutulub Diğomidəki polis idarəsinə aparılıb.

Bu gün PXH-nın rəhbəri Malxaz Qulaşvili başda olmaqla 30 nəfər polis idarəsinin qarşısına toplaşaraq saxlanılan şəxslərin buraxılmasını tələb ediblər. M. Qulaşvili jurnalistlərə bildirib ki, hadisə ilə bağlı 18 nəfər tutulub. Hazırda 8 nəfər polisdə saxlanılıb.

Dünənki insidentlə bağlı Gürcüstan patriarxlığı da informasiya yayaraq bildirib ki, ölkədə ən böyük təhlükə ərazi bütövlüyünün itirilməsi, milləti parçalamaq, narkotik yaymaq, inamsızlıq və digər təxribatlardır.

Ölkə prezidenti Mixail Saakaşvili «Kavkasiya»da baş verən insidenti jurnalistlərə hücum kimi qiymətləndirib. Bu gün prezidentin mövqeyini mətbuat katibi Manana Mancqaladze jurnalistlərə bildirib: «Dünən prezident əmr verib ki, televiziya şirkətinə hücum edənlər cəzalanmalıdırlar». M. Mancqaladze vurğulayıb ki, prezident Gürcüstan Konstitusiyası qarşısında hamının bir olduğunu deyib. «Əsl demokratiya qanuna hörmətdən irəli gəlir», deyə mətbuat katibi prezident M. Saakaşvilinin fikirlərini jurnalistlərə çatdırıb.

ABŞ-ın Gürcüstandakı səfiri Con Bass da bu hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstanda elə elementlər mövcuddur ki, azad fikir onlara xoş gəlmir və onlar fikir müxtəlifliyini qəbul etmirlər: «Hamının şəxsi fikirləri azad ifadə etmək üçün imkanı olmalıdır». Buna görə də ABŞ səfiri polisin insidentin qarşısını almağı məqbul hesab edib.

Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev APA-ya bildirib ki, bu insidenti törədənlər ekstremistlərdir. «Biz «Kavkasiya»nın jurnalistləri ilə həmrəy olduğumuzu bildirir və hadisəyə kəskin etirazımızı bildiririk. Bu insanlar öz pravoslav məzhəblərinə hörmət etmirlər. Bu həmin qruplardır ki, İslam dininə hörmət etmir və Gürcüstanda yaşayan müsəlmanların hüququnu pozurlar. Onlar 1901-ci ildən bünövrəsi qoyulan tarixi məscidin tikintisinə mane olurlar. Biz bu məsələ ilə əlaqədar dəfələrlə onları dialoqa çağırdıq, lakin onlar gəlmədilər. Bütün Gürcüstan ictimaiyyəti indi onları pisləyir. Sabah milli azlıqların konfransını keçirib onları pisləyəcəyik. Biz də tələb edirik ki, hüquq-mühafizə orqanları onları Konstitusiyanın tələblərinə uyğun cəzalandırsınlar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR