Bank Of Baku

Sankt-Peterburqda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə sərgi keçirilib

Sankt-Peterburqda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə sərgi keçirilib
# 02 dekabr 2011 01:38 (UTC +04:00)
Sankt-Peterburq. Fərid Əkbərov – APA. Rusiyanın şimal paytaxtında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə həvəskar rəssamların və xalq tətbiqi sənət ustalarının sərgisi keçirilib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Etnoqrafiya muzeyində keçirilən sərgidə 56 müəllifin 120 yaxın rəngkarlıq və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub.
Sərginin açılışında Sankt-Peterburq administrasiyasının nümayəndələri, şəhərdə akkreditə olunmuş diplomatik missiya rəhbərləri, o cümlədən Fransa, Almaniya, Latviya, Koreya, Türkiyə və digər ölkələrin baş konsulları, Azərbaycan diasporunun təmsilçiləri, tələbə və gənclər, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin himayəsində olan Sankt-Peterburq 163 saylı məktəbin şagird və müəllimləri, ictimaiyyət nümayəndələri və digər fəxri qonaqlar iştirak ediblər.
Rusiya Etnoqrafiya muzeyinin direktoru Vladimir Grusman çıxışında 2009-cu ildə Heydər Əliyev fondunun RF-dəki nümayəndəliyinin dəstəyi ilə keçirilən “Odlar yurdu” sərgisini xatırlayaraq, muzeydə Azərbaycan sərgilərinin keçirilməsinin artıq ənənəvi hal olduğunu qeyd edib. O, hazırkı sərginin xalqlararası mədəni dialoqda əhəmiyyətini vurğulayıb.
Sankt-Peterburq Administrasiyasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Proxorenko Sankt-Peterburq və Azərbaycan arasında mədəni əlaqələrin durmadan genişlənməsini qeyd edərək, sərginin şəhər sakinləri və qonaqları üçün böyük maraq kəsb edəcəyini söyləyib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxışında Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev fondunun RF-dəki nümayəndəliyinin xüsusi rolunu vurğulayaraq, nümayəndəlik tərəfindən Sankt-Peterburqda həyata keçirilən layihələr barədə, o cümlədən nümayəndəliyin himayəsində olan şəhərdəki 163 saylı ümumtəhsil orta məktəbə göstərilən qayğı haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirliyinin elmi-metodiki mərkəzin direktoru Vilayət İsmayılov tədbir iştirakçılarına təşəkkürünü bildirərək, keçirilən sərgidə nümayiş olununan rəsm və tətbiqi sənət əsərlərinin Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirdiyini qeyd edib.
Sonda Q.Osmanov Heydər Əliyev fondunun vitse-presidenti Leyla Əliyevanın tapşırığı ilə Etnoqrafiya muzeyinə xalqımızın qədim simvolu – muğamı, əks edən “Muğam triosu” bədii kompozisiyasını hədiyyə edib. Muzeyin direktoru V.Grusman kompozisiyanın muzeydə daimi fəaliyyət göstərən sərgidə nümayiş olunacağını bildirib.
Qeyd edək ki, sərgi Rusiya Etnoqrafiya muzeyi, Azərbaycanın Mədəniyyət və turizm nazirliyinin mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki mərkəzin və Sankt-Peterburqdakı Baş konsulluğun təşkilatçılığı, şəhər Administrasiyasının və regional ictimai təşkilat “Sankt-Peterburq Azərbaycan diasporu”nun dəstəyi ilə həyata keçirilib.
Sərgidə gənc azərbaycanlı sənətkarlar Nadejda Bıçkovanın, Elçin Muradovun, Aysel Əmirovanın, Mirtural Abbasovun və digərlərinin əsərləri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR