Bank Of Baku

Qardabanidə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Qardabanidə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
# 18 yanvar 2012 19:54 (UTC +04:00)
Qardabani. Nizami Məmmədzadə-APA. Bu gün Qardabani 3 saylı şəhər orta məktəbində Qardabani Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirin başlanğıcında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dualar oxunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri rayon bələdiyyəsinin sədr müavini Xanəhməd Qəribov açaraq 1990-cı ilin 20 Yanvar hadisəsi zamanı sovet imperiyası ordusunun Bakıda törətdiyi qırğınlardan söhbət açıb. “Mən özünü azərbaycanlı hesab edən və özünü dərk edən elə bir azərbaycanlı təsəvvür edə bilmirəm ki, onun qəlbində 20 Yanvar nisgili və azadlıq eşqi yaşamasın. Bu faciəni gənc nəsillər yaddan çıxarmayacaq. Qardabaninin Qaratəhlə kəndindən olan Rəşid İsmayılov Qanlı Yanvarda həlak olub və Bakıdakı Şəhidlər Xiyabanında uyuyur. Biz hər il 20 Yanvar hadisələrini qeyd edəcəyik. Bütövlükdə Azərbaycan gəncləri bilməlidirlər ki, 20 Yanvar bizim üçün nə deməkdir. Yaşlı nəsil bu faciəni gələcəyə ötürməlidir. Bu, indiki zamanda çox vacibdir”.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov çıxış edib. Çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn qeyd edib ki, şəhidlərin qanı yerdə qalmayacaq. “Bu keçən 22 il ərzində Azərbaycan güclənir və inkişaf edir. Gürcüstan da, Azərbaycan da əsrlər boyu eyni taleyi yaşayıblar. Biz keçən il müstəqilliyimizin bərpasının 20 ilini qeyd etdik. Biz 22 ildir ki, Qanlı Yanvarı ürəyimizdə yaşadırıq. Gəlin özümüzə bir sual verək: “Niyə bu bədnam qonşumuz Ermənistan belə günləri yaşamadı?”. Bu sualın cavabı açıq-aşkar bəllidir. Ona görə ki, Ermənistan dövləti bu günə qədər müstəqil deyil. Onun daxili və xarici siyasəti də özündən asılı deyil. Onun iqtisadiyyatı, enerji və nəqliyyat infrastrukturu başqa dövlətin əlindədir. Onun hərbi siyasəti də öz əllərində deyil. Bu gün Azərbaycan ordusuna ayrılan büdcə təxminən iki qat Ermənistan büdcəsinə bərabərdir. Azərbaycan ona görə güclənir ki, sülhsevər dövlətdir. Ürək ağrısıyla demək istəyirəm ki, Azərbaycanın ən böyük problemi bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllidir. Biz hələ ki bu problemləri sülh yolu ilə həll etmək üçün çalışırıq. Əgər bu problem həll olunmasa biz status-kvoya razı deyilik. Amma eyni zamanda Azərbaycan özünün həm iqtisadiyyatını, həm də ordusunu gücləndirir. Biz hər an güc yolu ilə də ərazi bütövlüyümüzü bərpa etməyə hazırıq. Bir sözlə, 1989-cu ilin aprelin 9-da Gürcüstanda və 20 Yanvar hadisələri zamanı Azərbaycanda baş verən faciələrdə həlak olan şəhidlərin qanı yerdə qalmayacaq. Gürcüstan da azadlıq uğrunda öz töhfəsini verib. 6 Gürcüstan vətəndaşı da Bakıda şəhid olub. Biz azadlıq uğrunda həlak olan şəhidlərimizin qanı bahasına müstəqilliyimizi əldə etmişik”.

Tədbirdə Qardabani 3 saylı şəhər orta məktəbinin şagirdləri Azərbaycan və gürcü dillərində 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndiriblər.
Sonda “Qanlı Yanvara aparan yol” adlı film nümayiş etdirilib.
Tədbirdə səfirlik əməkdaşları, məktəb müəllimləri, rayon fəalları və jurnalistlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR