Bank Of Baku

Marneulidə Pulsuz Hüquqi Xidmət Mərkəzi istifadəyə verilib

Marneulidə Pulsuz Hüquqi Xidmət Mərkəzi istifadəyə verilib
# 12 iyul 2012 21:51 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. İyulun 12-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun təşəbbüsü ilə “Marneuli Pulsuz Hüquqi Xidmət Mərkəzi” istifadəyə verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərkəzin açılış lentini Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və Marneuli Rayon Bələdiyyəsinin sədri İsfəndiyar Kərimov kəsib. Tədbirdə çıxış edən Azər Süleymanov mərkəzin açılışını Gürcüstanda yaşayan soydaşlarımız üçün, eləcə də digər azlıq nümayəndələri üçün vacib hesab etdiyini bildirib: “Bizim belə layihələrimiz çox olacaq. Ən başlıcası biz belə mərkəzlərin açılması ilə azərbaycanlıların dil baryerini aşmış oluruq. Hamıya bəllidir ki, hər zaman gündəmdə dövlət dilini bilməmək problemi durur və bəzən bu problem azərbaycanlılara müxtəlif hüquqi sənədlər və parlamentin qəbul etdiyi qərarlar vaxtında çatdırılmır və bu səbəbdən onlar idarələrlə yazışmaqda və məhkəmələrə müraciət etdikdə əziyyət çəkirlər. Mərkəzin məqsədi bu problemləri aradan qaldırmaq, azərbaycanlılara hüquqi dəstək olmaqdır”.
Tədbirdə “Marneuli Pulsuz Hüquqi Xidmət Mərkəzi”nin sədri seçilən Ceyhun Məmmədov və mərkəzdə çalışacaq akkreditə olunan vəkillərdən Anar Əhmədov, Elza Likunidze və Güləndam Əhmədova Marneuli şəhər sakinləri qarşısında çıxış edərək bildiriblər ki, 4 nəfər vəkilin təsisçiliyi ilə yaranan mərkəz Gürcüstanda yaşayan bütün vətəndaşlara, o cümlədən Kvemo-Kartli bölgəsində çoxluq təşkil edən azərbaycanlılara hüquqi sahədə pulsuz xidmət edəcək: “Azərbaycanlılar dövlət dilini bilmədiklərindən müəyyən problemlərlə üzləşirlər. Bu problemlər əsasən hüquq sahəsində sənədlərin yazılmasında və onların aidiyyəti orqanlara təhvil verilməsində, eyni zamanda torpaq və digər problemlərin həll edilməsində rastlaşdıqları hüquqi qərarları bilməmələrindən əmələ gəlir. Bu problemlər aztəminatlı ailələrə daha çox təsir edir. Onlar öz hüquqlarını müdafiə etmək üçün hüquqi sənədlərin düzəldilməsində çətinlik çəkirlər. Bu məqsədlə yeni yaranan “Marneuli Pulsuz Hüquqi Xidmət Mərkəzi”nin təşkil edilməsi bu kateqoriyalı insanlar üçün daha çox dəstək deməkdir. Biz burada mərkəzə müraciət edənlərə ödənişsiz hüquq məsləhətləri verəcək, onlara yardım edərək inzibati, beynəlxalq və mülki və cinayət işlərində bütün hüquqi qüvvəyə malik olan sənədlər tərtib edəcək və lazımi orqanlara və şəxslərə göndərəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR