Bank Of Baku

Fazil Əliyev: “Gürcüstanda mənə deyirdilər ki, Azərbaycanda iş tapa bilmirsən, amma burada prezident olmaq istəyirsən”

Fazil Əliyev: “Gürcüstanda mənə deyirdilər ki, Azərbaycanda iş tapa bilmirsən, amma burada prezident olmaq istəyirsən”
# 05 dekabr 2007 09:46 (UTC +04:00)
“Mən prezidentliyə namizədliyimi heç kimin xeyrinə geri götürməmişəm. Əvvəlcədən elan etmişdim ki, namizədliyi irəli sürməkdə məqsədim prezident olmaq deyil”. Bunu APA-ya açıqlamasında Gürcüstanda prezidentliyə keçmiş azərbaycanlı namizəd Fazil Əliyev bildirib. Onun sözlərinə görə, namizədliyini irəli sürməkdə əsas məqsəd siyasi partiya yaratmaqdan ibarət olub. Bu istiqamətdə xeyli iş gördüyünü bildirən F. Əliyev Gürcüstan hakimiyyətinin bundan narahat olduğunu vurğulayıb: “Gürcüstanda prezident seçkiləri qonşu dövlətlərin və beynəlxalq qurumların da diqqət mərkəzindədir. Buna görə də sonradan hakimiyyət tərəfindən təzyiqlər, həbslər başladı. Biz təzyiqdən çəkinmirik. Sadəcə, qüvvələri parlament seçkilərinə qoruyub saxlamaq üçün namizədliyi geri götürdüm. Biz öz partiyamızın gələcəkdə böyük qüvvəyə çevrilməsi üçün hazırlaşacağıq”.
F. Əliyev yaradacağı partiyanın adı üçün bir neçə variantın olduğunu bildirib və onlardan birinin də “Vətənin Vətənpərvərləri” Partiyası olduğunu qeyd edib: “Bu partiyada azərbaycanlı, gürcü və digər millətlərin nümayəndələri olacaq. Artıq partiyanın yaradılmasına hazırlıqlar gedir, qanunvericiliklə tanış olmuşuq. Ən azı min nəfərin iştirakı ilə təsis qurultayı keçirəcəyik”. Namizədliyinin geri götürməsi üçün təzyiqlərin olub-olmamasına gəldikdə, F. Əliyev bildirib ki, bütün istiqamətlərdə belə halla qarşılaşıb: “Prezident seçkiləri üçün ciddi imkanlar, böyük hazırlıqlar lazım idi. Bu imkanlar yox idi. Mən gələn prezident seçkilərində namizədliyimi irəli sürəcəyəm və o zaman geri götürməyəcəyəm, ciddi tərəflərdən biri olacağıq. İndi Gürcüstanda çox pis vəziyyət yaranıb. Həddindən artıq qarşıdurma gözlənilir. Hətta mənə daxil olan informasiyalara görə müxtəlif qüvvələr Azərbaycanlılarla qarşıdurma yaratmaq istəyirlər, belə provakasiyalar hazırlanıb. Özü də təkcə hakimiyyət tərəfdən yox. Ona görə də belə qərara aldıq ki, belə məqamda namizədliyi geri götürək. Burada bütün məsələlər nəzərə alındı. Düşündük ki, geri çəkilib son hücuma keçmək lazımdır”. F. Əliyev Bakıda onun prezident seçilməsini arzulayanların olduğunu da bildirib: “Amma bu insanlar bilməlidirlər ki, iki ildir Bakıda iş axtarıram, amma məni işlə təmin edən yoxdur. Gürcüstanda da mənə deyirdilər ki, Azərbaycanda iş tapa bilmirsən, amma burada prezident olmaq istəyirsən”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR