Bank Of Baku

Mixail Saakaşvili Tiflisdə seçkini uduzsa da, regionlarda topladığı səslərin hesabına 51%-lə irəlidədir

Mixail Saakaşvili Tiflisdə seçkini uduzsa da, regionlarda topladığı səslərin hesabına 51%-lə irəlidədir
# 07 yanvar 2008 08:46 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Mixail Saakaşvili 51,03%, onun ən yaxın rəqibi, birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze isə 25,72% səs toplayıb. Digər namizədlər - Arkadi Patarkasişvili 6,65%, Şalva Natelaşvili 6,52%, David Qamkrelidze 3,97%, Georgi Maisaşvili 0,8%, İrina Sarişvili-Çanturiya 0,34% səs alıblar. M. Saakaşvili regionlarda böyük fərqlə irəlidədir, L. Qaçeçiladze isə paytaxt Tiflisdə qalib gəlib. Xatırladaq ki, seçkilərin ilk turunda prezident seçilmək üçün səsvermədə iştirak etmiş seçicilərin 50 faizindən 1 səs artıq (50%+1) səs toplamaq tələb olunur. Əks təqdirdə, iki həftə sonra seçkilərin ikinci turu keçirilməlidir. Müxalifət MSK-nın ilkin nəticələri açıqlamaqda gecikməsini L. Qaçeçiladzenin qələbəsini oğurlamaq və saxtakarlıq cəhdi kimi qiymətləndirir. Müxalifətin məlumatlarına əsasən regionlarda M. Saakaşvili 44%, L. Qaçeçiladze isə 34% səs alıb, ancaq paytaxtda L. Qaçeçiladze böyük üstünlüklə irəlidədir. Birləşmiş müxalifətin namizədi xarici ölkə diplomatları ilə görüşündən sonra jurnalistlərə açıqlamasında seçkilərdə qalib gəldiyini, lakin hakimiyyətin nəticələri saxtalaşdırdığını bəyan edib. MSK-nın müxalifətdən olan 4 üzvü seçkilərin qeyri-demokratik şəraitdə keçirildiyini, yekun protokolların M. Saakaşvilinin seçki qərargahlarında korrektə edildiyini açıqlayıb. MSK-nın Leyborist Partiyasından olan üzvü Georgi Mtvarelidze bildirib ki, seçki məntəqələri bağlandıqdan sonra yekun protokolları dairə seçki komissiyaları əvəzinə, Mixail Saakaşvilinin seçki qərargahlarına aparılıb: “Orada müvafiq dəyişiklik edildikdən sonra protokollar dairələrə göndərilib. Bu faktlar seçkilərin qeyri-demokratik şəraitdə keçirildiyini və legitim olmadığını söyləməyə əsas verir”. Komissiyanın “Azadlıq” hərəkatından olan üzvü David Bardavelidze isə yekun protokolların MSK-ya anlaşılmaz mexanizm əsasında daxil olduğunu deyib: “Biz nə qədər xahiş etsək də, hələ yekun protokolların heç birini görə bilməmişik. Çox təəccüblüdür ki, MSK paytaxtdakı məntəqələrin hamısından məlumat əldə edə bilmədiyi halda, artıq Marneulidəki bütün seçki məntəqələrinin nəticələri elan edilib”.
Qeyd edək ki, yanvarın 6-da Tiflisdə ilk mitinqini keçirən müxalifət yanvarın 8-də növbəti etiraz aksiyasına, müxalifətin ittihamlarına məhəl qoymayan M. Saakaşvili isə öz andiçmə mərasiminə hazırlaşır. M. Saakaşvili Polşa prezidenti Lex Kaçinski ilə telefon danışığında onu öz inauqurasiya mərasiminə dəvət edib. Dövlət Dəftərxanasından bildiriblər ki, mərasimin bu ayın ikinci yarısında keçirilməsi planlaşdırılır. Artıq Qazaxıstan prezidenti və baş naziri, həmçinin Estoniya prezidenti M. Saakaşvilini qələbə münasibətilə təbrik ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR