Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi üzrə ittiham irəli sürülüb.
Bu barədə “Armenia Today” nəşri məhkəmə-hüquq informasiya sistemi “Datalex”in məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, Tonoyan və Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. İttihama əsasən, bu əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Yolçyanın Tonoyana həmin əməldə kömək etdiyi bildirilir.
Cinayət işi noyabrın 24-də məhkəməyə daxil olub və hakim Aram Qriqoryana həvalə edilib. Hər iki təqsirləndirilən şəxs barəsində ölkədən çıxış qadağası və girov qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tonoyan 2021-ci ilin sentyabrında yararsız aviasiya sursatlarının alınması ilə bağlı başqa bir cinayət işi üzrə həbs edilmişdi. O, 2024-cü ilin avqustunda girov müqabilində azadlığa buraxılıb.