Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Britaniyanın Moskvadakı səfirinə qarşı terror aktı planlaşdırdığını iddia edib.
APA xəbər verir ki, bu barədə FSB məlumat yayıb.
Məlumata görə, Britaniya səfirliyinin mühafizəsində çalışan Rusiya vətəndaşı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti olmaqda şübhəli bilinərək saxlanılıb.
FSB iddia edir ki, saxlanılan şəxs ukraynalı bloqer Karpenkonun göstərişi ilə Britaniya səfirliyinin təhlükəsizlik sistemi barədə məlumatlar toplayıb.
Rusiya xüsusi xidməti, həmçinin Ukraynanın Britaniya səfirliyinə hücumlar təşkil etməklə Londonu Rusiya ilə birbaşa münaqişəyə cəlb etməyi və əlavə silahlar əldə etməyi planlaşdırdığını iddia edib.
FSB-nin açıqlamasında Kiyev hakimiyyətinin öz maraqları naminə hətta strateji müttəfiqlərinə qarşı diversiya və terror aktları törətməyə hazır olduğu irəli sürülüb.