Ermənistan əhalisinin 15%-dək hissəsi Avrasiya İqtisadi İttifaqının (Aİİ) əmək bazarı çərçivəsində Rusiyadan ölkəyə göndərilən pul köçürmələrindən asılıdır.
TASS xəbər verir ki, bu barədə Avrasiya Reytinq Agentliyinin hesabatında məlumat verilir.
Araşdırmada qeyd olunur ki, 2024–2025-ci illərdə Rusiyadan Ermənistana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi ölkənin ticarət balansının kəsiri ilə müqayisə edilə biləcək səviyyədə olub. Sənəddə bəzi hesablamalara əsasən, Ermənistan əhalisinin 15%-dək hissəsinin məhz bu vəsaitlərdən asılı olduğu bildirilir.
Aİİ-nin məlumatlarına əsasən, 2025-ci ildə ittifaqın digər ölkələrində 126,9 min Ermənistan vətəndaşı çalışıb. Onların 124,6 min nəfəri, yaxud 98,2%-i Rusiyada əmək fəaliyyəti ilə məşğul olub. Qalanları Qazaxıstan, Belarus və Qırğızıstanda çalışıb.
Araşdırmada Aİİ-də Ermənistanın üzvlüyünün dayandırılması ehtimalının əmək miqrasiyasına və ölkəyə pul köçürmələrinə ciddi təsir göstərə biləcəyi qeyd olunur. Hesablamalara görə, Aİİ ölkələrindən Ermənistana pul köçürmələrinin ümumi həcmi 2025-ci ildəki 3,95 milyard dollardan 1,85 milyard dollara qədər azala bilər.
Rusiyadan gələn köçürmələrin isə 3,878 milyard dollardan 1,806 milyard dollara düşə biləcəyi proqnozlaşdırılır.