Moskva Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında görüşün tezliklə təşkil olunacağına ümid edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Moskvaya gözlənilən səfəri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri Putini Ukrayna və Avropa tərəfləri ilə əlaqələri barədə məlumatlandıra, eləcə də Vaşinqton və Moskva arasında bir sıra vacib məsələlər üzrə siqnal mübadiləsini davam etdirə biləcəklər.
"Amerikalı danışıqçıların vasitəçilik səylərini yüksək qiymətləndiririk", deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək kj, 20 oktyabrda Uitkoff Norveçdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Trampın kürəkəni Cared Kuşner isə xəstəlik səbəbindən danışıqlarda online formatda iştirak edəcək. Daha sonra isə Uitkoff Moskvaya səfər edib Vladimir Putinlə görüşəcək.