Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzvləri ilə əməkdaşlığın gücləndirilməsi ölkəsi üçün xarici siyasət və iqtisadiyyat sahəsində prioritet olaraq qalır.
APA xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu yanaşma Ermənistanın yeni hökumət proqramında da öz əksini tapacaq.
Baş nazir qeyd edib ki, İrəvan Aİİ-nin əsasını təşkil edən prinsiplərə sadiqliyin qorunmasının tərəfdarıdır. O xatırladıb ki, təşkilatın təməl prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətidir.
“Təəssüf ki, bu prinsiplər praktikada tam şəkildə həyata keçirilmir. Ayrı-ayrı məhdudiyyətlər və inzibati tədbirlər ümumi bazarın tam fəaliyyətinə mane olur, biznes mühitinin proqnozlaşdırıla bilməsini və inteqrasiya proseslərinin səmərəliliyini azaldır”, – deyə Paşinyan bildirib.