Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiyanın qəbuluna qarşı çıxan siyasi qüvvələri dövlətin mahiyyətində müharibə və münaqişə DNT-sini qoruyub saxlamağa çalışmaqda ittiham edib.
“Armenpress” xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistan parlamentində 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı yekun çıxışında səsləndirib.
“Yeni Konstitusiyaya qarşı çıxan və Müstəqillik Bəyannaməsini, hazırkı Konstitusiyanı müdafiə etdiklərini deyən siyasi qüvvələr ölkəmizin mahiyyətində müharibə və münaqişə DNT-sini qoruyub saxlamaq məntiqi ilə hərəkət edirlər”, – Paşinyan bildirib.
Baş nazir deyib ki, Ermənistanın hazırkı Konstitusiyası və 1990-cı il Müstəqillik Bəyannaməsi münaqişə və qarşıdurma məntiqi ilə bağlıdır. Onun sözlərinə görə, sülh proqramını qəbul etmiş Ermənistan özünü münaqişə dövləti deyil, sülh dövləti kimi təqdim etməlidir.
Paşinyan qeyd edib ki, Ermənistan 1991-ci il sentyabrın 21-də müstəqilliyini elan etsə də, sentyabrın 22-dən etibarən hər gün, addım-addım və ilbəil müstəqilliyindən geri çəkilməyə başlayıb.
Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun yalnız Konstitusiya məsələsi olmadığını bildirib.
“Əslində, təklif etdiyimiz referendum təkcə Konstitusiya ilə bağlı referendum deyil, həm də müstəqillik referendumudur. Çünki biz münaqişə, dövlətsizlik və müharibə DNT-sini sülh, inkişaf, tərəqqi, azadlıq və müstəqillik DNT-si ilə əvəz etməyi təklif edirik”, – o vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Ədliyyə Nazirliyinin yeni Konstitusiya layihəsini noyabrın 23-də dərc edəcəyini açıqlayıb.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.