Rusiya ümid edir ki, Baltikyanı ölkələr Kiyevə Baltik dənizindəki gəmilərə qarşı terror hücumlarından çəkinməyə təsir edəcəklər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fin körfəzinin neytral sularında Sparta II yük gəmisinə edilən hücumu şərh edərkən bildirib.
Onun sözlərinə görə, Baltik dənizində terrorçu fəaliyyətin aktivliyinin genişlənməsi təhlükəli ssenaridir: "Biz bunu görürük. Yəqin ki, bütün sahilyanı ölkələr bununla əlaqədar narahatlıq keçirirlər. Bu çox təhlükəlidir və regionda vəziyyətin gərginləşməsinə gətirib çıxarır”.
Qeyd edək ki, dronlar 21 noyabr şənbə günü Sparta II yük gəmisinə hücum edib. Ekipaj özləri təxliyə edilib və itki olmayıb. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hücumun iki dron tərəfindən həyata keçirildiyini açıqlayıb.