Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə "Breyn-rinq" intellektual turniri keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanda aprelin 11-də keçiriləcək seçkilərdə prezident İlham Əliyevə dəstək aksiyası çərçivəsində keçirilən turnir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda baş tutub.
Moskvanın nüfuzlu ali məktəblərinin tələbələrinin təmsil olunduğu 18 komanda turnirdə biliklərini sınayıb. 150 nəfərdən çox tələbənin iştirak etdiyi turnirin qalibi Kutafina adına Moskva Hüquq Akademiyasının komandası olub. İkinci yeri isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası tutub.
Tədbirdə çıxış edən MQİMO-nun prorektoru İqor Loginov rektor Anatoli Torkunovun turnir iştirakçılarına salamını və təbrikini çatdırıb: "Uzun illər bundan qabaq İlham Əliyev bizim ali məktəbi bitirib. Fəxr edirik ki, bu gün Azərbaycanın prezidenti bizim universitetin məzunudur. Bu günki gün Azərbaycandan 80-dən çox tələbə MQİMO-da təhsil alır. Əminik ki, bu yaxşı ənənə uzun illər davam edəcək. Əminik ki, aprelin 11-i bütün Azərbaycan sakinləri üçün aydın bir gün olacaq".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında prezident İlham Əliyevin hər zaman intellektual oyunları, gəncləri dəstəklədiyini söyləyib: "Azərbaycanda xüsusi olaraq gənclər üçün, o cümlədən gənclərin xaricdə təhsil alması üçün proqram qəbul olunub. Ona görə də, mən çox şadam ki, bu turnir, MQİMO-da keçirilir. MQİMO dünyada yeganə ali təhsil ocağıdır ki, həm bizim ümummilli liderimiz Heydər Əliyev, həm də prezident İlham Əliyev buranın fəxri doktorlarıdır. Məhz bu məqama görə, MQİMO-ya ayrıca hisslə yanaşırıq".
Azərbaycanda aprelin 11-də vacib siyasi hadisə olan prezident seçkilərinin keçiriləcəyini xatırladan səfir MQİMO-da və Rusiyanın digər ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarını Azərbaycanın Rusiyadakı səfirliyində açılan seçki məntəqəsinə gəlməyə və səsvermədə iştirak etməyə çağırıb: "Mənim qəti şübhəm yoxdur ki, Azərbaycan xalqı öz doğru seçimini edəcək. Bizim üçün çox önəmlidir ki, gənclər bu seçkilərdə iştirak etsinlər. Çünki gələcək gənclərin əllərindədir".
Sonda çıxış edən AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev turnirin təşkilində verdiyi dəstəyə görə MQİMO rəhbərliyinə təşəkkürünü bildirib. Beş il bundan öncə MQİMO məzunlarının ilk Forumunun məhz Bakıda keçirildiyini xatırladan E. Hacıyev bu ali məktəblə Azərbaycan arasında sıx əlaqələrin olduğunu söyləyib: "Bu günki turinirin keçirilməsində məqsəd prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməkdən ibarətdir". Turnir çərçivəsində Rusiyada yaşayan, təhsil alan Azərbaycan gəncləri adından müraciət qəbul olunub. Müraciətin mətnini Emin Hacıyev oxuyub.
Müraciətdə 2018-ci il 11 aprel tarixinin yaşadığı ölkədən asılı olmayaraq bütün azərbaycanlılar üçün vacib tarix olduğu vurğulanıb. "Rusiya azərbaycanlıları üçün öz tarixi vətənlərinin inkişafı çox vacib olduğu qədər çoxmillətli Rusiyanın da inkişafı vacibdir. Təsadüfi deyil ki, martın 18-də keçirilən prezident seçkilərində Rusiyanın Azərbaycan icması prezident Vadimir Putinin namizədliyini dəstəklədi. Biz, ölkələrimizin taleyi ilə bağlı məsələlərdə kənarda qala bilmərik. Azərbaycanda keçiriləcək seçkilər çox önəmli siyasi hadisədir. Bizim, azərbaycanlı gənclər, Rusiya və Azərbaycan vətəndaşları üçün, tarixi vətənlərinin taleyi önəmlidir. Məhz bizim tarixi vətənimizin gələcəyi, sabitliyi, gücü, iqtisadi inkişafı, bizim seçimimizdən asılıdır. Şübhəsiz ki, bizim əldə etdiyimiz uğurlar prezident İlham Əliyevin dəstəyi sahəsində mümkün olub. Şübhəsiz ki, İlham Əliyev Azərbaycan respublikası prezidentliyinə ən yaxşı namizəddir. Onun prezident seçkilərində iştirakı ilə bağlı qərarı bundan sonra da azərbaycanlıların həyatının yaxşılaşdırılması, respublikanın inkişafı və təhlükəsizliyinin möhkəmləndirilməsi arzusunun olmasından xəbər verir. Rusiyanın Azərbaycan gəncliyi öz seçimini güclü liderin lehinə edib və bu seçim İlham Əliyevdir", deyə müraciətdə qeyd olunub.