Fevralın 12-də Bakıda "Moskva-Bakı. Kilometrlərdən baxış" adlı fotosərgi keçiriləcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “RussianBusinessGuide” jurnalının təşkilatçılığı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndələyinin dəstəyi ilə keçiriləcək sərgi Azərbaycanda doğulub Rusiyada biznes quran və yaradıcı layihələr həyata keçirən iş adamlarına və ictimai xadimlərə həsr olunub.
"Rossotrudniçestvo" və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin vasitəçiliyi ilə Bakının mərkəzində, Xocalı prospekti, ev 20 ünvanında keçiriləcək sərgi iki həftə davam edəcək.
İctimai diplomatiya nümunəsi olan fotosərgidə nümayiş olunacaq fotoların qəhrəmanları arasında Qod Nisanov, Məmməd Ağayev, Əlizaman Rəhimov, Nərminə Şirəliyeva, Müslüm Müslümov, Şahid Əsgərov və digər tanınmış simalara var.
Ümumilikdə ekspozisiyada 36 foto nümayiş olunacaq. Sərgi üçün fotolar əsasən professional fotoqraflar tərəfindən hazırlanıb.