APA-nın məlumatına görə, bu barədə Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun əməkdaşı Natalya Konarzevskanın müəllifi olduğu “Ermənistanın iqtisadi bəlası” adlı məqaləsində deyilir.
Bildirilir ki, pul köçürmələri həcminin azalması ölkə əhalisinin həyat səviyyəsinə mənfi təsir göstərir: “Rusiyaya ixracın və xarici investisiyaların kifayət qədər azalması, dövlət borcunun artması və büdcə gəlirlərinin aşağı düşməsi fonunda Ermənistan iqtisadiyyatındakı durğunluğun qarşısının alınması üçün imkanlar məhduddur. 2015-ci ildə Ermənistanın dövlət borcunun ÜDM-in 44,5 faizini təşkil edəcəyi gözlənilir”.
Məqalədə həmçinin “Ettihad Airways”, “Samsung”, “France Telecom-Orange” və s. kimi aparıcı şirkətlərin Ermənistandakı fəaliyyətlərini dayandıracağını elan etməsi vurğulanıb: “Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2015-ci ildə Ermənistanın iqtisadi artımının zəif və ya mənfi olacağı gözlənilir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması heç də yaxşı dövrə təsadüf etməyib. Bu, təşkilatın aparıcı üzvü olan Rusiyanın iqtisadiyyatının zəiflədiyi vaxtda baş verib. 2015-ci ilin mayında ABŞ və Ermənistan arasında Ticarət və İnvestisiya Çərçivə Sazişinin imzalanmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olması bu sazişin iqtisadi faydasını sual altına qoyub. İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəticəsində Ermənistan bu ölkə ilə qeyri-məhdud ticarət və investisiya imkanlarından faydalana bilər. Bu baxımdan İran və Ermənistanı Gürcüstanın Qara dəniz limanları ilə birləşdirən dəmir yolu xətti rəsmi İrəvan üçün ən vacib layihədir”.
Məqalədə qeyd olunub ki, Ermənistanda elektrik enerjisinin qiymətinin artması nəticəsində 2015-ci ilin iyunundan bəri ölkədə baş verən etirazlar hökumətin iqtisadi siyasətinə ictimai məyusluğun artdığını göstərir, eyni zamanda Rusiya mediası bu etirazları ABŞ-ın geosiyasəti ilə əlaqələndirir və Ermənistanda anti-Rusiya dalğasının artacağından ehtiyat edir. Bu istiqamətdə aparılan uzunmüddətli danışıqlardan sonra Rusiya tərəfi Ermənistana satdığı qazın qiymətini aşağı salmağa razılıq verdiyi və Ermənistana hərbi texnikanın alınması üçün 200 milyon dollar həcmində kredit ayırdığı əks olunub.
Məqalədə həmçinin Ermənistan iqtisadiyyatının oliqarx strukturu və aşağı səviyyəli idarəçilik sisteminin iqtisadiyyatın modernləşdirilməsi və gücləndirilməsinə yönəlmiş istənilən cəhdlərə əngəl olacağı vurğulanıb.