Bakı. Rəşad Süleymanov – APA. Ermənistan Kommunist Partiyası 2013-cü il fevralın 18-də keçiriləcək prezident seçkilərini boykot edəcəyini açıqlayıb. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, boykot qərarı partiyanın Mərkəzi Komitəsinin dekabrın 29-da keçirilmiş Plenumunda qəbul edilib.
Ermənistan Kommunist Partiyasının nümayəndəsi Yercanik Kazaryan bildirib ki, Plenumun qətnaməsində seçkiqabağı kampaniya dövründə ideoloji mübarizənin qeyri-mümkünlüyü qeyd olunub. Kommunistlər digər namizədləri də dəstəkləməkdən imtina ediblər. Seçkilərdə iştirakdan imtinanın digər səbəbi kimi mövcud hakimiyyətin seçkilərin nəticələri saxtalaşdırması da göstərilib.