Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentində insident baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlamentdə “Amnistiya haqqında” qanun layihəsini qəbul edərkən çoxluğu təmsil edən deputat Nukri Kantariya azlığı təmsil edən deputat həmkarlarını qeyri-etik hərəkətlər etməyə çağırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlament sədri David Usupaşvili deputatın qeyri-etik hərəkətinə görə üzr istəyib. “Mən parlamentdə baş verən bu insident üçün hamıdan üzr istəyirəm. Bizim tədbir görməyə vaxtımız çatmadı. Çoxluqda olan deputatlar parlament təcrübəsinə uyğun olmayan bu hərəkət barədə narahatlıq və mövqelərini bildirərək, gələcəkdə belə insidentin təkrar olunmaması üçün tədbirlər görüləcəyini qeyd ediblər. Bu, çoxluğun ümumi mövqeyidir”, deyə David Usupaşvili bildirib.
Parlament sədri deputatları emosiyalara uyub insan ləyaqətini təhqir edən ifadələrlə çıxışlar etməməyə çağırıb. “Biz mürəkkəb bir dövr keçmişik. Emosiyalar başa düşüləndir. Xahiş edirəm, elə bir hərəkət edək ki, sonradan özümüz-özümüzü qınamayaq. Buna görə də hesab edirəm ki, insident bitib. Lakin bu o demək deyil ki, sabah, yaxud o biri gün belə insidentlərə yol verəcəyik. Diqqətə alın ki, parlamentdə hamı birdir. Siyasi komandanı təmsil edirik və bir-birimiz qarşısında məsuliyyətli olmalıyıq”, deyə sədr əlavə edib.