APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda MDB-yə üzv ölkələrin Hərbi Əməkdaşlıq Konsepsiyasının 2015-ci ilədək reallaşdırılmasının nəticələrini müzakirə edilib.
Bundan başqa 2016-cı il üçün birgə fəaliyyət planı müəyyən edilib.
İclas zamanı müdafiə nazirlikləri arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 20-dən çox məsələ nəzərdən keçirilib, habelə vahid havadan müdafiə sisteminin inkişaf etdirilməsi, rabitə sistemi, minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların hazırlığı, əməliyyat və döyüş hazırlığı üzrə və hərbi-idman sahəsində birgə tədbirlərin keçirilməsinə dair məsələlər üzrə qərarlar qəbul edilib.
İclas çərçivəsində MDB ölkələri müdafiə nazirləri Şurası tərəfindən Hərbi Əməkdaşlıq Konsepsiyasının yerinə yetirilməsinin yekunları əsasında MDB ölkələri arasında çoxtərəfli hərbi əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov MDB müdafiə nazirləri Şurasının "Hərbi əməkdaşlığın möhkəmləndirilməsinə görə" nişanı ilə təltif olunub.
Qeyd edək ki, Müdafiə Nazirləri Şurasının 69-cu iclasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.