Gürcüstan. Nizami Məmmədzadə-APA. “Yanvarın ortasında Türkiyə ilə Qardabanidə elektrik enerjisi stansiyasının tikilməsi barədə danışıqlar aparılacaq. Stansiyanın gücü 230 meqavat olacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda fəaliyyət göstərən Tərəfdaşlıq Fondunun rəhbəri İrakli Kovzanadze bildirib. Onun sözlərinə görə, bu layihəni “İnter RAO” şirkəti həyata keçirməli idi, lakin müəyyən səbəblərə görə, müqavilə pozulub: “Bundan sonra layihəni davam etdirməyi Tərəfdaşlıq Fondu üzərinə götürərək, keçən ilin yayında bu tikintiyə 50 milyon lari xərcləyib”.
Fond rəhbərinin sözlərinə görə, 2014-2015-ci illərdə iqtisadiyyat inkişaf etdikcə enerjiyə də tələbat çoxalacaq. “Buna görə də enerji tələbatını təmin etmək üçün bizə ehtiyat stansiyalar lazımdır”, deyə İ. Kovzanadze bildirib.
Qeyd edək ki, Qardabanidə 85 min soydaşımız yaşayır.