Bakı-APA. Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovanisyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini rəsmi olaraq dekabrın 22-də irəli sürəcək. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə Raffi Ovanisyan jurnalistlərə bildirib.
“Həmin gün biz, mənim noyabrın 2-də səsləndirdiyim bəyanatı yekun vəziyyətə və məzmuna gətirəcəyik. Bəyanatda mən seçkilərdə ilk dəfə iştirak edəcəyimi qeyd etmişəm və əminəm ki, biz qalib gələcəyik, bu dəfə hər şey başqa cür olacaq”, deyə “İrs” partiyasının lideri qeyd edib.
Prezident seçkilərində müxalifətin vahid namizədi məsələsinə gəlincə, Raffi Ovanisyan bəyan edib ki, o bu ideyanı dəstəkləyir və onu fevralın 18-də keçiriləcək seçkilərdə dəstəkləyəcək bütün insanlarla danışıqlara hazırdır.
“Əgər hər hansı başqa partiya, partiya lideri və ya ictimai hərəkatın məsulları mənim simamda vahid namizədi və mənim seçki platformamı dəstəkləmək istəsələr, bu gələcək qalibiyyəti daha da real edər”, deyə Raffi Ovanisyan bildirib.
O qeyd edib ki, fevralın 18-də seçkilər beynəlxalq standartlara və ölkə Konstitusiyasına uyğun keçirilsə, Ermənistanın yeni prezidenti olacaq.