Rusiya xarici işlər nazirinin müavini: “Rusiya 21 aydır davam edən Suriya böhranının həlli üçün Suriya Milli Koalisiyasının lideri ilə görüşməyə hazırdır”
Moskva. Fərid Əkbərov - APA. Rəsmi Moskva 130-dan çox ölkə tərəfindən Suriyanın legitim hökuməti kimi tanınan Suriya Milli Koalisiyasının sədri Əhməd Muaz əl-Hatipə görüş üçün dəvət göndərib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Onun sözlərinə görə, Rusiya 21 aydır davam edən Suriya böhranının həlli üçün Suriya Milli Koalisiyasının lideri ilə görüşməyə hazırdır. Nazir müavini görüşün keçiriləcəyi şəhərlərin Moskva, Cenevrə və ya Qahirə ola biləcəyini söyləyib.
Qeyd edək ki, Suriya Milli Koalisiyası yaranan vaxtı Rusiya onları sərt tənqid edib. Rəsmi Moskva Qərb ölkələrinin Milli Koalisiyanı Suriyanın legitim hökuməti kimi tanımasını etirazla qarşılayıb.