Moskva. Fərid Əkbərov-APA. Rusiya Dövlət Dumasına miqrantların durumunu çətinləşdirəcək daha bir qanun layihəsi təqdim olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni qanun layihəsi Liberal Demokrat Partiyasından (LDPR) olan deputatlar İqor Lebedev və Yaroslav Nilov tərəfindən hazırlanıb. Yeni qanun layihəsində qanunu pozan miqrantların ölkədən məcburi deportasiyası nəzərdə tutulur.
Hal-hazırda mövcud olan qanunvericiliyə görə, Rusiya ərazisində yaşama qaydalarını pozan miqrantlar cərimə olunur, ya da inzibati məsuliyyətə cəlb edilirlər.
Yeni qanunun müəllifləri isə qanunu pozan miqrantların cərimə edilməklə yanaşı ölkədən məcburi deportasiyasını da təklif ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Kommunist Partiyası tərəfindən Dövlət Dumasına miqrantların işini çətinləşdirəcək qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi miqrantların sadələşdirilmiş qaydada əmək fəaliyyəti ilə məşğul olmalarına dair mövcud qaydaların ləğvini nəzərdə tutur.
Müvafiq qanunu hazırlayanların təklifinə əsasən, Belarus və Qazaxıstan vətəndaşları istisna olmaqla, vizasız qaydada Rusiya ərazisinə daxil olan əcnəbilər (postsovet ölkələrinin vətəndaşları nəzərdə tutulur) əmək fəaliyyəti ilə məşğul olmaq üçün ümumi əsaslarla işçi vizaları almalıdır.