Bakı. Şamil Əlibəyli - APA. Rusiya hökuməti 2012-ci ilin sonunda Qazaxıstana nota verib. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya baş nazirinin birinci müavini, Rusiya-Qazaxıstan hökumətlərarası komissiyasının Rusiya tərəfdən sədri İqor Şuvalovun aparatında hazırlanmış notanın verilmə səbəbi Qazaxıstan Kosmik Agentliyinin rəhbəri Talqat Musabayevin dekabrın 10-da Qazaxıstan parlamentində səsləndirdiyi fikirlər olub.
T. Musabayev çıxışında bildirib ki, ölkə ərazisində yerləşən “Baykonur” kosmodromu Rusiyanın yurisdiksiyasından çıxarıla bilər. O əlavə edib ki, Qazaxıstan Rusiyanın “Proton-M” daşıyıcı raketlərinin fəzaya buraxılışlarının sayını azaltmaq istəyir. Bundan başqa, T. Musabayev Rusiyanı “Bayterek” kosmik-raket komplekslərinin yaradılması üzrə imzalanan sazişi yerinə yetirməməkdə günahlandırıb.
Rusiya tərəfi notasında bu fikirlərə görə Qazaxıstan tərəfindən izahat istəyib.
Rusiyalı politoloq Aleksandr Mizin yaranmış mübahisəyə münasibət bildirərək deyib ki, Rusiya onsuz da “Baykonur”dan getməli olacaq: “Bütün Asiya ölkələrində Rusiyanın təsiri azalır. Bu yaxınlarda biz Azərbaycanda nə baş verdiyini gördük. İcarə haqqının artırılması səbəbindən Rusiya Qəbələ RLS-dən getməli oldu. “Baykonur”la bağlı çoxdan iradlar səslənir. “Roskosmos”da artıq bir çoxları anlayırlar ki, onlar gec-tez oradan da gedəcəklər”.