Bakı. Viktoriya Dementyeva – APA. “Ermənistan Gömrük İttifaqına qoşulmaqla böyük iqtisadi fayda əldə edə bilməyəcək”. APA-nın “Vedomosti”yə istinadən verdiyi xəbərə görə, bunu Moskvadakı Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko deyib. O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinin (EvrAzES) Gömrük İttifaqına qoşulmaq qərarı Rusiyanın Avrasiya inteqrasiyası layihəsinin reallaşması yolunda ciddi qələbədir: “Rusiya ilə strateji tərəfdaşlığını və Qarabağ problemini nəzərə aldıqda Ermənistanın qərarı gözlənilən idi. Gömrük İttifaqına qoşulmaqla bölgədə status-kvo dəyişməyəcək. Ermənistanın qərarı Qərb tərəfindən tənqid ediləcək, lakin bu, uzun sürməyəcək”.
Politoloq Aleksey Vlasov isə hesab edir ki, Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Ermənistanda şübhə yaranıb ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış etməyək. Onun fikrincə, Gömrük İttifaqına qoşulmaq qərarı bu şübhənin təsiri altında verilib.