Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib
# 24 sentyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ittifaqın sədri Firəngiz Əlizadənin rəhbərliyi, katiblər - Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar Mansurov, məsul katib Lalə Hüseynova, həmçinin İdarə heyətinin üzvlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr edilən tədbirlər planı müzakirə edilib. İclas iştirakçıları ittifaqın 75 illiyi münasibətilə keçiriləcək musiqi festivalının proqramını, festivalın təşkili üzrə təşkilat komitəsinin tərkibini, “ən yaxşı bayramsayağı uvertüra və ya konsert pyesinin yazılması” üzrə gənc bəstəkarlar arasında təşkil olunacaq müsabiqənin münsiflər heyətinin tərkibini, həmçinin Bəstəkarlar İttifaqında region təşkilatları ilə iş üzrə koordinatorun seçilməsi və təşkilata yeni üzvlərin qəbul olunması məsələlərini müzakirə ediblər.

İclasda çıxış edən Firəngiz Əlizadə ittifaqın 75 illiyi ilə əlaqədar nəzərdə tutulan tədbirlər planının katiblik tərəfindən hazırlandığını qeyd edib: “Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar keçirmək istədiyimiz festival premyeralar festivalı olacaq. Festivalda simfonik, kamera-instrumental, vokal-instrumental, estrada və başqa janrlarda təqdim olunan yeni əsərlər ifa ediləcək. İttifaqımızın 75 illik yubileyinə həsr edilən “ən yaxşı bayramsayağı uvertüra və ya konsert pyesinin yazılması” üzrə gənc bəstəkarlar arasında müsabiqə elan etmişik. Müsabiqənin qalibi mükafatlandırılacaq və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçiriləcək bağlanış konsertində həmin əsər ifa ediləcək. Festivala təqdim olunacaq əsərlərin qeydiyyatı oktyabrın 1-dək aparılacaq”.

Sonra sədr iclas iştirakçılarına festivalın təşkilat komitəsinin tərkibi haqqında məlumat verib. Onun sözlərinə görə, festivalın təşkilat komitəsi 21 nəfərdən ibarətdir. Festivalın təşkilat komitəsində Rauf Əliyev, Faiq Nağıyev, Arzu Məmmədova, Adilə Yusifova, Natiq Vəliyev, Rəna Qədimova, Azad Zahid, Vasif Allahverdiyev, Gövhər Həsənzadə, Rüfət Ramazanov və Rüfət Xəlilov təmsil olunurlar. Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərlik etdiyi münsiflər heyətinə xalq artistləri Aqşin Əlizadə, Ramiz Zöhrabov, Musa Mirzəyev, Oqtay Zülfüqarov, əməkdar incəsənət xadimləri Eldar Mansurov, Sərdar Fərəcov, Fəxrəddin Kərimov və sənətşünaslıq namizədi Lalə Hüseynova daxildir. Azərbaycan Bəstəkarlar İttifaqının bölgə təşkilatları barədə danışan sədr bildirib ki, hazırda 5 bölgə təşkilatı fəaliyyət göstərir: “Bu gün Bəstəkarlar İttifaqının Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Şuşa bölgə təşkilatları fəaliyyət göstərir. Bunların arasında Naxçıvan təşkilatı daha fəal çalışır. Təşkilatların aktiv fəaliyyəti üçün onlara ittifaq tərəfindən hər cür köməklik göstərilir və bu gələcəkdə də davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR