Bank Of Baku

Lyublanada “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda nazirlərin konfransı keçiriləcək

Lyublanada “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda nazirlərin konfransı keçiriləcək
# 06 noyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sloveniyanın Lyublyana şəhərində “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda nazirlərin konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, bu gün və sabah həyata keçiriləcək sözügedən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə iştirak edir. Tədbirdə Sloveniya prezidenti Danilo Türkün, Avropa Şurasının yeni baş katibi Tyorborn Yaqlandın, Avropa Komissiyasının rəsmi şəxslərinin, bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin, Avropa ölkələrindən nazirlərin, bir sıra siyasətçi və ictimai xadimlərin iştirakı gözlənilir. Nazirlər Konfransında Azərbaycanın da iştirak etdiyi Kiyev Təşəbbüsü Regional Proqramının Nazirlərinin bəyanatı, Cənub Şərqi Avropa dövlətlərinin nazirlərinin bəyanatı və konfransın bütün iştirakçı dövlətlərinin birgə yekun bəyannaməsinin qəbulu və Kiyev təşəbbüsü çərçivəsində “PP2-Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin əsasının qoyulması gözlənilir. Kiyev Təşəbbüsü Nazirlərinin bəyanatının qəbul edilməsində məqsəd ümumi şəkildə proqramda iştirak edən ölkələrinin Cənub-Şərqi Avropa dövlətlərinin və həyata keçirilən layihələrin təcrübəsindən istifadə edərək Avropa Şurası və Avropa Komissiyasının birgə layihəsi olan “PP2”-ni həyata keçirmək, eyni zamanda Kiyev Təşəbbüsünü dəstəkləməkdir. Konfrans iştirakçılarının Lyublyana bəyannaməsi Cənub-Şərqi Avropa dövlətləri ilə Kiyev təşəbbüsü ölkələri arasında mədəni irs sahəsində əməkdaşlığın çərçivəsinin müəyyənləşdirilməsi və təcrübələrinin qarşılıqlı mübadiləsinin aparılmasını nəzərdə tutur. Konfransın ikinci günü Cənub-Şərqi Avropa dövlətləri ilə Kiyev təşəbbüsü ölkələri arasında dəyirmi masanın təşkil edilməsi planlaşdırılır. Eyni zamanda sabah Kiyev təşəbbüsü üzrə Milli Koordinatorların ayrıca işçi iclası da keçiriləcək. Konfransda Əbülfəs Qarayev Azərbaycanın mədəniyyətlərarası dialoq üçün “Bakı Prosesi” və mədəni irs sahəsində milli və beynəlxalq fəaliyyəti, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında mədəni irsin vəziyyəti barəsində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR