Bank Of Baku

Azərbaycan zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması üçün praktik və konkret tövsiyələrin hazırlanması üçün UNESCO-ya müraciət edib

Azərbaycan zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması üçün praktik və konkret tövsiyələrin hazırlanması üçün UNESCO-ya müraciət edib
# 05 iyul 2011 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə UNESCO-nun Hökumətlərarası Komitəsinin (İCPRCP) 17-ci iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, sessiyada nazirliyin növbəti sessiya zamanı gündəlikdə duran məsələlər - Parfenon Mərmərləri (Böyük Britaniya Birləşmiş Krallığı - Yunanıstan), Boğazköy Sfinksi (Almaniya-Türkiyə) ilə bağlı restutisiya müraciətlərinə baxılıb, üzv dövlətlər, UNESCO-ya tərəfdaş qurumlar tərəfindən məruzələr dinlənilib. İclas zamanı həmçinin, məsələ ilə bağlı UNİDROİT, WCO, UNODC, ICOM beynəlxalq təşkilatlar, Interpol və Italiyanın xüsusi polis xidməti olan Karabinieri bu sahədə ən son fəaliyyətləri haqda məlumat verib, Avropa Komissiyasının “Hermes 2011” proqramı təqdim olunub. Sessiyada Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı, belə ki, işğal olunmuş torpaqlarda yüz mindən çox eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması, gündəlik dağıntılara məruz qalması, qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları bir daha sessiya iştirakçılarının diqqətinə çatdırılıb. İclas zamanı, Azərbaycan tərəfi zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması üçün praktik və konkret tövsiyələrin hazırlanması üçün UNESCO-ya müraciət edib.
Xatırladaq ki, 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində respublikanın 100 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub müəssisəsi, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 müxtəlif texniki avadanlıq, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri həcmli və 40 kiçik həcmli attraksion işğal altında qalıb.
Məlumatda qeyd edilib ki, 1947-ci ildə Almaniyanın Bremen qalereyasından gətirilmiş və uzun müddət Azərbaycan Dövlət İncəsənət muzeyində mühafizə olunmuş qiymətli qrafika əsərləri 1999-cu ildə Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə Bremen qalereyasına qaytarılıb. Dünya tarixində nadir hallarda baş verən bu humanist hərəkət Almaniya ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. Həmçinin, 2000-ci ildə Azərbaycana qeyri-qanuni yolla satılmaq məqsədilə gətirilən və İranın Səədəbad muzeyinə məxsus olan iki ədəd qədim qılınc beynəlxalq tələblərə uyğun olaraq İran tərəfinə geri qaytarılıb. 2010-cu ildə isə Azərbaycan Sərhəd Qoşunları tərəfindən Rusiya qaçaqmalçılarından müsadirə edilmiş beş nadir, qədim ikona Rusiya tərəfinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR