Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi "Fars” agentliyi və "Tehran Tayms"da getmiş yanlış məlumatları təkzib edib

Mədəniyyət və Turizm Nazirliyi "Fars” agentliyi və "Tehran Tayms"da getmiş yanlış məlumatları təkzib edib
# 05 oktyabr 2011 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İran İslam Respublikasının "Fars” agentliyi və "Tehran Tayms" kütləvi informasiya vasitələrində getmiş yanlış məlumatları təkzib edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, maraqlı sərgilərin, bədii kino nümayişlərinin, ədəbi-elmi görüşlərin uğurla davam etdiyi günlərdə təəssüf ki, İran İslam Respublikasının “Fars Xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələri bu əhəmiyyətli mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edib. “Fars Xəbər Agentliyi” də eyni kobud yanlışlığa yol verib.

Z. Əliyeva deyib ki, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirir, bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir: “9 əsr ərzində Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olub, dahi şairi dünya sivilizasiyasına Azərbaycan xalqı bəxş edib. Dövrün ədəbi qaydalarına uyğun olaraq bir çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də öz əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu olmayıb və ola da bilməz. İnanırıq ki, “Fars Xəbər Agentliyi”nin və “Tehran Tayms”ın yanlış məlumatları İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz münasibəti İran – Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafına kölgə sala bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR