Azərbaycan Moskvada keçiriləcək “Ənənə və müasirlik” VI Beynəlxalq İncəsənət Festivalında iştirak edəcək

Azərbaycan Moskvada keçiriləcək “Ənənə və müasirlik” VI Beynəlxalq İncəsənət Festivalında iştirak edəcək
# 18 iyun 2012 08:13 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. İyulun 4-dən 8-dək Moskva Mərkəzi Sərgi Zalında (“Manej”) “Ənənə və müasirlik” VI Beynəlxalq İncəsənət Festivalı keçiriləcəkdir. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu tədbirdə ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, rəssam Rəşad Mehdiyev təmsil edəcək. Festivalda dünyanın 40 ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamların və minlərlə tamaşaçının iştirakı gözlənilir. Bu festival ilk dəfə 2007-ci ildə keçirilib və indiyədək 130 000 dən çox tamaşaçı tərəfindən ziyarət olunub. 2009-cu ildə əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə isə əməkdar rəssam Sakit Məmmədov Azərbaycanı bu festivalda təmsil ediblər. Çoxsaylı tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən F. Qulamov “Müasir rəngkarlıqda ən yaxşı ənənələrin qorunması” nominasiyası üzrə birinci mükafata, S.Məmmədov isə “Müasir rəngkarlıqda ən yaxşı ənənələrin qorunması” və “Dəsti-xəttin orijinallığı və fərdi üsluba görə” nominasiyaları üzə birinci mükafata layiq görülüblər. “Ənənə və Müasirlik” VI Moskva Beynəlxalq İncəsənət Festivalında Azərbaycan təmsilçisinin iştirakına ölkəmizin Rusiyadakı Səfirliyi tərəfindən təşkilati dəstək verilir.
Rəşad Mehdiyev Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Türkiyədə Memar Sinan Universitetini bitirib. 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə isə Bakıda fərdi sərgiləri keçirilib. 2001-ci ildə Azərbaycanı TÜRKSOY Beynəlxalq Müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülüb. Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisini keçirib, BMT-nin Avropa Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil edib. Rəssamın sonuncu fərdi sərgisi 2012-ci ilin mart ayında Bakıda təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR