Mədəniyyət Nazirliyinin dəstəyi və “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı olub.
APA xəbər verir ki, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.
Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir:
- Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriyalar, “Tamaşaçı rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir.
- Müsabiqədənkənar proqramda tematik nümayişlərin – festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin – dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulub.
- Peşəkar proqram xarici və yerli animasiya mütəxəssislərinin ustad dərsləri və vörkşoplardan ibarətdir.
- Peşəkar proqram çərçivəsində həmçinin, İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vörkşopu və maliyyə proqramı keçiriləcək.
Müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının xüsusi qonağı “Oscar” mükafatı qazanmış niderland əsilli rejissor Michael Dudok de Wit-dir.
Qeyd edək ki, ANİMAFİLM Festivalı 2018-ci ildən etibarən hər il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festivalın bilet satışlarından əldə olunacaq gəlir azərbaycanlı gənc qadın rejissorlara dəstək olmaq məqsədilə ianə ediləcək.