Bank Of Baku

Montrö Klassik Musiqi Festivalında ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir

Montrö Klassik Musiqi Festivalında ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir
# 13 sentyabr 2026 14:03 (UTC +04:00)

İsveçrədə keçirilən Montrö Klassik Musiqi Festivalı (“Septembre Musical Montreux-Vevey”) çərçivəsində ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir.

APA xəbər verir ki, iki gün davam edəcək Azərbaycan Mədəniyyət Günləri ərzində ölkəmizin zəngin musiqi və incəsənət ənənələri beynəlxalq auditoriyaya təqdim ediləcək.

Tədbirlərdə iştirak etmək üçün mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti artıq İsveçrənin Montrö şəhərindədir.

Festivalın proqramına Murad Hüseynov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Yusif Eyvazov, Alim Qasımov, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər azərbaycanlı sənətçilərin, Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları, həmçinin Azərbaycan caz gecəsi daxildir.

Qeyd edək ki, Montrö Klassik Musiqi Festivalı 6 sentyabr 1946-cı ildə Casino-Kursaalda başlayıb. Onun yaradıcısı Manuel Roth olub və festival İsveçrədə Lüsern festivalından sonra ən qədim klassik musiqi festivallarından hesab edilir. Festivalın yaranması İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edib. Həmin vaxt Montrö və İsveçrə Rivierasında yaşayan və ya burada müvəqqəti məskunlaşan tanınmış musiqiçilərin iştirakı yeni beynəlxalq musiqi platformasının formalaşmasına şərait yaradıb.

Festivalın tarixində xüsusilə maraqlı məqamlardan biri İqor Stravinski ilə bağlıdır. Dünya şöhrətli bəstəkar və dirijor 1956-cı ildə festivalda öz əsərlərindən ibarət proqramı şəxsən idarə edib.

Festivalın səhnəsində müxtəlif dövrlərdə Yehudi Menuhin, Artur Rubinşteyn, İsaak Stern, Marta Argeriç, Radu Lupu, Mixail Pletnyov, Valeri Gergiyev, Daniil Trifonov və Yuja Vanq kimi dünya şöhrətli musiqiçilər çıxış ediblər. Klassik musiqi festivalı olmasına baxmayaraq, 1971-ci ilin sentyabrında burada əfsanəvi Pink Floyd qrupunun konserti təşkil olunub.

Bu il festival 80-ci dəfə, 9–18 sentyabr tarixlərində keçirilir. Yubiley proqramı “Classic & Lab” konsepsiyası üzərində qurulub: ənənəvi klassik musiqi ilə yanaşı, caz və eksperimental musiqi formatlarına da yer ayrılır. Konsertlər Auditorium Stravinski ilə yanaşı, Şiyon qalası, Caux Palace, Fairmont Le Montreux Palace və Veve şəhərindəki Théâtre Le Reflet kimi tarixi və məşhur məkanlarda təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR