Tbilisinin mərkəzində təntənəli Novruz şənliyi keçirilib - FOTO

Tbilisinin mərkəzində təntənəli Novruz şənliyi keçirilib  - FOTO
# 21 mart 2024 01:36 (UTC +04:00)

Tbilisinin Ortaçala rayonunun Abanotubani küçəsində, tarixi Meydan adlanan ərazisində Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bayram şənliyi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi meriyasının dəstəyi ilə baş tutub.

Bayram tədbirində Azərbaycanla yanaşı Türkiyə, İran, Türkmənistan və Qazaxıstanın Gürcüstandakı səfirləri iştirak ediblər. Tədbirin əvvəlində rəsmilər kosa və keçəlin iştirakı ilə bayram tonqalını alovlandırıblar.

Daha sonra çıxış edən Tbilisi Şəhər Şurasının (Sakrebulo) sədri Giorgi Tkemaladze Novruz bayramının yeni ümid bayramı olduğunu və bu günün Tbilisidə hər zaman xüsusi qeyd ediləcəyini deyib. O, Gürcüstanla Azərbaycan arasında əlaqələrin gündən-günə inkişaf etdiyini qeyd edib.

“Mən sizi, bütün həmvətənlərimizi, bacı və qardaşlarımızı bu bayram münasibətilə təbrik edirəm. Bu günü birlikdə qeyd etmək bizim üçün böyük şərəfdir. Təbii ki, biz bu bayramı öz şəhərimizdə hər zaman xüsusi qeyd edəcəyik”, - deyə Tkemaladze deyib.

Səfir Faiq Quliyev isə öz növbəsində Novruz bayramının bu il Azərbaycanın bütün ərazilərində - Xankəndidə, Şuşada, Laçında və işğaldan azad olunmuş digər rayonlarda təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. O, Gürcüstan azərbaycanlılarına Vətən müharibəsində göstərdikləri həmrəyliyə görə təşəkkür edib və bunun heç vaxt unudulmayacağını vurğulayıb. Səfir həmçinin Gürcüstan hökumətinə azərbaycanlıların milli-mənəvi dəyərlərinin yaşadılmasına verdiyi dəstəyə görə təşəkkür edib və Gürcüstanın müxtəlif xalqların dinc şəraitdə bir arada yaşadığı multikultural və tolerant ölkə olduğunu qeyd edib.

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay isə çıxışında bu il Novruz bayramının xüsusi olduğunu, Ramazan ayı ilə üst-üstə düşdüyünü vurğulayıb. O, Novruzun bütün türk xalqlarının ortaq bayramı olduğunu və tarixinin min illərlə keçmişə getdiyini qeyd edib.

Bayram şənliyində Aşıq Nargilə, “Sarvan” rəqs qrupu, Xırdalan Musiqi Məktəbinin ansamblı, eləcə də “Ceyran”, “Buta”, “Çıraqdani”, “Qvirila” ansambları, müğənnilər Nikos Bandi, Oto Bazeraşvili, Dito Kitsişvili, həmçinin bir sıra tanınmış ifaçılar çıxışlar ediblər.

Abanotubani küçəsində Novruz bayramı ilə əlaqədar yaradılmış xüsusi guşələrdə Azərbaycan kulinariyası, milli-mədəni və incəsənət nümunələri, Novruz atributları nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR