Bakı. Cavid Zeynallı - APA. Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Sivilizasiyalararası dialoq: “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli tədqiqi mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Milli Məclisin deputatı Sevinc Fətəliyeva açaraq bildirib ki, dəyirmi masada dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu tədqiqatçı alimlər iştirak edir.
Tədbirdə çıxış edən akademik Kamal Abdulla bildirib ki, hər iki ədəbi abidə haqqında fikir mübadiləsinin aparılmasının Bakı Humanitar Forumu çərçivəsində olması təsadüfi deyil: “Düşünürəm ki, “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli tədqiqi haqqında danışmağa Bakı Humanitar Forumundan daha yaxşı tədbir düşünmək olmaz. Əgər türk tədqiqatçılar “Nibelunqlar haqqında nəğmə”sinə, german tədqiqatçılar isə “Kitabi-Dədə Qorqud” eposuna diqqət edib elmi fəaliyyətini ona cəmləyirsə, multikulturalizm anlayışı məhz budur. Biz hər iki dastanın qarşılıqlı tədqiqi üçün indiyədək iki tədbir keçirmişik və şadam ki, növbəti tədbiri yenə məhz bu mövzuya həsr etmişik. Sevinirəm ki, german professorlar “Kitabi Dədə Qorqud” dastanına diqqət edirlər”.
Baden Kitabxanasının Əlyazmalar şöbəsinin müdiri Ute Obhof, professorlar Aksel E. V. Müller, Aleksandr Bondarev, Liladhar Pendse və başqaları iki eposun qarşılıqlı tədqiqi haqqında fikirlərini bildiriblər.