Bakı. Cavid Zeynallı – APA. Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer ayrılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nəşrin müəllifləri olan britaniyalı Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhərini seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər. “Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilən kitabda Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və digər şəhərlər yer alıb.
Kitabda müasir Bakının arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib. Burada İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən qədim tarixi abidələr olduğu vurğulanıb. Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev Sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.
Qeyd olunub ki, müstəqilliyin bərpasından sonra Bakıda yenidənqurma, quruculuq işləri və müasir memarlıq abidələrinin tikintisi davam etdirilib, “Alov qüllələri” şəhərin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti rol oynayır. 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.
Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.