Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərə dəstək aksiyası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət Ermənistan-Azərbaycan münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb: “Bu günlər tariximizin yeni mübarizə səhifələri yazılır. Qəhrəman əsgərlərimiz 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan Vətən torpağını yağı düşməndən geri almaq üçün böyük şücaət göstər. Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır”.
A. Nemət ikinci cahan savaşında, eləcə də Qarabağ döyüşlərində rejissorlarımızın, aktyorlarımızın göstərdiyi vətənpərvərlikdən söz açıb. Bildirib ki, sənət adamları cəbhələr ölümlə üz-üzə gələrək müharibənin kinoxronikasını yaradırdılar.
Tədbirdə Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Bəsti Cəfərova, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Məsmə Aslanqızı, aktyor Anar Heybətov çıxış edərək, hər an Azərbaycan əsgərinin yanında olduqlarını söyləyiblər.