Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək.
APA-nın fondun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.
Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə milli və klassik musiqilər ifa ediləcək.
Tədbirlər çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.
Fondun qeyd olunan nəşri eyni zamanda Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunacaq tədbirdə də təqdim ediləcək. Həmin gün həmçinin Düsseldorfer Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti baş tutacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.
Qeyd edək ki, Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən məqalələr dərc edib. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir.