Bakı. Cavid Zeynallı - APA. Azərbaycan oktyabrın 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, hər il dünyanın 30-dək ölkəsinin iştirak etdiyi layihənin 2014-cü il üzrə qonaq ölkəsi Azərbaycan olacaq.
Nazirlikdən bildiriblər ki, əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada Azərbaycanın xüsusi statusda iştirakı turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.
Tədbirlər çərçivəsində Azərbaycana məxsus pavilyon qurulacaq, oktyabrın 30-da arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunan konfrans təşkil ediləcək, oktyabrın 31-də isə milli mətbəxin nümayişi ilə Azərbaycan gecəsi təşkil olunacaq.
Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivinin, caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulub.
Beynəlxalq yarmarka Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək.
Yarmarkada Azərbaycan üçün ayrılmış stend sahəsində quraşdırılmış kinoteatrda İtaliyan və İngilis dillərində "Azərbaycan odlar yurdu" filminin, eləcə də Azərbaycanın irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplərin, müxtəlif dövrlərə aid arxeoloji artefaktlardan və Azərbaycan xalçalarından ibarət kolleksiyanın nümayişi də baş tutacaq.