Bakı. Cavid Zeynallı - APA. Britaniyanın nüfuzlu “The Telegraph” qəzetində Azərbaycanın qədim çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması haqqında məqalə dərc olunub.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, məqalədə 2003-cü ildən UNESCO-nun dünyadakı qeyri-maddi mədəni irslərin siyahısını tutduğu, dünyanın ən maraqlı adət-ənənələrinin sıralandığı siyahıda Azərbaycanın qədim çövkən oyununun özünəməxsus yeri olduğu bildirilir.
Məqalədə həmin siyahıdan seçilmiş müxtəlif ölkələrin qeyri-maddi mədəni irsləri oxucuların diqqətinə çatdırılır. Ekvador, İtaliya, Belçika, Peru, İspaniya və Türkiyənin yer aldığı qəzetin siyahısında Azərbaycan ilk sırada qeyd edilib. Yazıda həmçinin çövkən oyunu haqqında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan videoçarx yerləşdirilib.