Bakı. Cavid Zeynallı - APA. İtaliyada Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası keçirilib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film 17-ci ASIATICA, Encounters with Asian Cinema Film Festivalının “Panorama” müsabiqə proqramında nümayiş etdirilib. Festival 2 oktyabr tarixinədək Romada davam edəcək.
“Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
Filminin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.