Bakı – APA. Böyük Azərbaycan dramaturqu, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə haqqında çəkilmiş "Sübhün səfiri" filminin yaradıcı heyəti - ssenari müəllifi, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, baş rejissor, Azərbaycan xalq artisti Ramiz Həsənoğlu və Mirzə Fətəli rolunun ifaçısı, Azərbaycanın xalq artisti Rasim Balayev filmin Macarıstan paytaxtında keçirilən təqdimat mərasimi ilə əlaqədar Budapeştə gediblər. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 21-də səfirlikdə filmin yaradıcı heyəti ilə Budapeştdə yaşayan Azərbaycan və türk icması nümayəndələrinin, burada təhsil alan azərbaycanlı tələbələrin, macar sənət adamlarının görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan səfir Vilayət Quliyev qonaqları təqdim edib, XIX əsr Azərbaycan və bütünlükdə islam şərqi mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri və rolu haqqında danışıb. Ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu və baş rolun ifaçısı Rasim Balayev film üzərindəki iş barəsində görüş iştirakçılarına ətraflı məlumat veriblər və Mirzə Fətəli haqqında ekran əsərinin yaradılmasını zərurətə çevirən amillər üzərində dayanıblar.
Filmin yaradıcı heyətinin üzvləri, habelə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov və gənc yazıçı Günel Anarqızı iştirakçıların çoxsaylı suallarına cavab veriblər.