Bank Of Baku

Parisdə Azərbaycan filmlərinin təqdimatı keçirilib

Parisdə Azərbaycan filmlərinin təqdimatı keçirilib
# 08 aprel 2016 17:46 (UTC +04:00)

Bakı – APA. Fransanın sabiq mədəniyyət naziri Frederik Mitteran tərəfindən 1975-ci ildə təsis edilmiş Parisin “L’Entrepôt” İncəsənət Mərkəzində azərbaycanlı rejissorların çəkdikləri üç qısametrajlı filmin nümayişi keçirilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, bu, hər üç filmin Avropada ilk premyerası idi.

 

Tədbirdə çıxış edən EFA direktoru İrina Biliç “L’Europe autour de l’Europe” festivalının artıq beşinci ildir TEAS-la birgə əməkdaşlıq şəraitində keçirildiyini bildirib. “Bu təşkilat Azərbaycan mədəniyyətinin təbliği sahəsində çox iş görür. Bu gecə nümayiş etdirilən filmlər Azərbaycanın müstəqillik qazandığı andan bu günə qədər olan müddəti əhatə edir”, - deyə o vurğulayıb.

 

TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin isə təqdimatda “1995 və 2015-ci ilərdə çəkilmiş “Fransız”, “Şanxay-Bakı” və “Kədərim nurludur” adlı filmlərin ilk nümayiş olunduğunu deyib. O qeyd edib ki, bu filmlər üslub baxımından çox fərqli olsa da, onlar ənənənin milli mentalitetə təsirini, müasir Azərbaycan cəmiyyətində gənclərin mövqeyini əks etdirməyə çalışır.

 

Çexovun “Dəcəl oğlan” əsəri əsasında çəkilmiş “Şanxay-Bakı” filmində (rejissor Teymur Hacıyev) Bakının mərkəzinə yaxın ərazidə yerləşən "Şanxay" kimi tanınan bir qəsəbə haqqında bəhs edilir. Sənədli film üslubunda çəkilmiş bu film operator işi ilə fərqlənir, burada reallığın təsirinə nail olmaq üçün yarı improvizə edilmiş dialoqlar və qeyri-peşəkar aktyorlardan istifadə edilib. Xatırladaq ki, T. Hacıyevin əvvəl çəkdiyi “Ayrılıqda” adlı filmi 2014-cü ildə Kann film festivalının müsabiqəsinə seçilib.

 

Moskvada yaşayan rejissor Ru Həsənovun çəkdiyi “Kədərim nurludur” filmi isə gənclərin mədəni dünyasının mahiyyətini əks etdirmək üçün istifadə olunmuş möhtəşəm kinematoqrafiyanı nümayiş etdirir. Hekayə musiqi bacarıqları ilə tanınan nihilist gənc oğlandan bəhs edir. O, hamı tərəfindən inkar edilir, lakin ona ali cəmiyyətdə keçirilən bir ziyafətdə özünü doğrultmaq fürsəti verilir. O, musiqi və ailə, pul və yaradıcılıq arasında seçim etməlidir. Xatırladaq ki, R. Həsənovun “Buqələmun” adlı debüt filmi 2013-cü ildə Lokarno Film Festivalının müsabiqəsi üçün seçilib.

 

Nümayiş ən məhsuldar azərbaycanlı kinorejissorlarından biri, mədəniyyət nazirinin sabiq müavini və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Vaqif Mustafayevin “Fransız” filmi ilə yekunlaşıb. 1995-ci ildə çəkilmiş bu satirik komediya filmi Fransada təhsil almış Əlibabanın hekayəsindən bəhs edir. Fransa mədəniyyəti və dili onun ana dilini tam əvəzləyib. O, Azərbaycana qayıdır, ailəsi ilə ünsiyyət qura bilmir və evinin damında gizlənir. Süjet onun ailəsinin öz doğma mədəniyyətini anlamağa yardım etmək üçün müxtəlif cəhdləri ətrafında qurulub. Filmdə Azərbaycan milli mənsubiyyətini bərpa etmək üçün bəzi mədəni elementlərdən, incə və ağıllı şəkildə yumoristik məqamlardan necə istifadə olunması göstərilir.

 

Qeyd edək ki, artıq beş ildir Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisi “Xaos və Harmoniya” devizi altında keçirilən XI “L’Europe autour de l’Europe” (Avropa ətrafında Avropa) film festivalının təşkilatçısı Europa Film Akt (EFA) təşkilatı ilə sıx əməkdaşlıq edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR