Bank Of Baku

“Azərbaycan” qəzetində “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı dəyirmi masa keçirilib

“Azərbaycan” qəzetində “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı dəyirmi masa keçirilib
# 06 oktyabr 2009 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün “Azərbaycan” qəzetində “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, dəyirmi masanı açıq elan edən millət vəkili, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin televiziyaların bugünkü durumu ilə bağlı məqaləsinin cəmiyyətdə yeni ictimai müzakirə açdığını, canlanma yaratdığını qeyd edib. Baş redaktor bildirib ki, ölkədə siyasi münasibətindən və baxış tərzindən asılı olmayaraq, hər kəsin bu məqaləni təqdir etməsi, yazının dərc edildiyi “Azərbaycan” qəzetinin redaksiyasına cəmiyyətdə müxtəlif mövqelərdə olan insanların telefon açaraq minnətdarlıq bildirmələri də bir daha mövzunun aktual və əhəmiyyətli olduğunu, bütün cəmiyyəti düşündürdüyünü təsdiq edir.

Azərbaycanda söz və mətbuat azadlığının təmin edildiyini deyən B. Sadıqov son illər KİV-in inkişafı üçün görülmüş işlərdən danışıb, senzuranın ləğvi, Milli Teleradio və Mətbuat şuralarının, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dəstək Fondunun yaradılması, mediaya göstərilən yardımlar və s bu kimi faktları sadalayıb.

Daha sonra çıxış edən millət vəkili Aydın Mirzəzadə televiziyanın cəmiyyətin məlumatlandırılması, maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində əvəzsiz rolundan danışıb. Millət vəkili qeyd edib ki, insanlar, elə cəmiyyətdə bu müzakirələri açanlar da şou-proqramların əleyhdarları deyil: “Amma bu gün həmin proqramlar hədsiz dərəcədə çoxalıb. Belə desək, norma, hədd qorunmur. Şou-biznes özü mədəniyyətin yalnız bir hissəsidir. Bugünkü televiziyalarda isə şou-biznes tamamilə mədəniyyətin digər sahələrinin də təbliğinin yerini tutub”.

A. Mirzəzadə məqalənin nəşrindən artıq 4 gün keçdiyini, amma hələ də televiziyalarda ciddi və radikal dəyişikliklərə rast gəlinmədiyini söyləyib. O, bununla bağlı qanunvericiliyə də dəyişiklik edilməsinin mümkünlüyünü vurğulayıb.

Millət vəkili Fəzail İbrahimli də məqalənin yüksək əhəmiyyətindən danışıb. O bildirib ki, bu müzakirələrdən dövlətin televiziyalara qarşı təzyiqə başlaması fikri çıxarılmamalıdır: “Əksinə, bu yazı televiziyaların özünə təkandır. Uzun müddət xalqın içində, hər bir ailədə, Milli Məclisdə epizodik formada qeyd olunan narahatlıqların mükəmməl ifadəsidir”.

Millət vəkili Zahid Oruc isə qeyd edib ki, R. Mehdiyev bu məqaləsi ilə yüksək vəzifəli şəxs, akademik, ziyalı mövqeyindən başqa, həm də bir vətəndaş mövqeyi nümayiş etdirib: “Cəmiyyətdən ona olan dəstək isə həm də o deməkdir ki, cəmiyyətin müqavimət gücü, qəbul etmədiyi hallarla barışmamaq imkanı var”.

Z. Oruc da televiziyalardakı vəziyyətdən qəbuledilməz olduğundan danışıb və bildirib ki, vətəndaş bugünkü etirazını televiziyalara baxmamaqla bildirir.

Milli Məclisin İnsan haqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova isə problemə müasir vətəndaş, müasir insan yetişdirilməsində televiziyaların rolu baxımından yanaşmağa çağırıb: “ Əslində bu məqalədə də hörmətli akademikin əsas xətlərindən biri budur. Biz yeni insan obrazını, yeni əsrin vətəndaşını necə formalaşdırırıq. Televiziyalar informasiya sərhədlərinin itdiyi, hüdudların aradan qaldırıldığı, qloballaşan dünyada milli-mənəvi dəyərləri qorumağı bacaran gəncin yetişdirilməsində cəmiyyətə hansı töhfəni verə bilir?”

Millət vəkili qeyd edib ki, bu gün televiziyalarda peşəkarlıq, prosesləri öyrənmə, baş verənlərdən nəticə çıxarma problemi var. Ona görə də hazırlanan verilişlər bəsit olur. O, ziyalıları bu məsələdə prinsipial mövqe nümayiş etdirməyə çağırıb.

Millət vəkili Cəmil Həsənli də məqalənin ictimai mahiyyətinin ümummilli olduğunu deyib. Bu məqalənin Azərbaycan ziyalılarının fikrini ehtiva etdiyini söyləyən C. Həsənli bildirib ki, hər bir xalqın televiziyaları onun intellektual potensialını ortaya qoyur: “Amma Azərbaycan televiziyaları bu gün bu xalqın intellektual potensialını göstərə bilmir. Bu xalq hələ XX əsrin əvvəlində mövhumata, cadugərə, fala qarşı mübarizə aparırdı, hekayələr, felyatonlar, şerlər yazılırdı, amma indi falçı televiziyaların əsas qəhrəmanına çevirilib ”.

Azərbaycan ədəbiyyatının meyxanadan daha zəngin qollarının olduğunu deyən millət vəkili televiziyalardakı müxtəlif yarışma proqramlarını da tənqid edib.

“Bu gün Azərbaycan dili efirdə məişət dilinə çevrilib. Heç bir normaya əməl olunmur” - deyə, C. Həsənli əlavə edib.

Millət vəkili Fazil Mustafa isə bu məsələnin daha ətraflı müzakirəsi üçün elmi-praktik konfrans təşkil edilməsini təklif edib. Onun növbəti təklifi isə xüsusi elmi- kütləvi informasiya agentliyinin yaradılması və televiziyaların debatlar, sənədli filmlər hazırlaması üçün araşdırmalar aparıb, onlara təqdim etməsi ilə bağlı olub.

F. Mustafa deyib ki, Azərbaycan televiziyalarında məzmun baxımından dəyişikliyə ehtiyac var: “ Dünya televiziyaları şounu, əyləncəni belə, düşünərək, təqdim edirlər. Bizdə isə yalnız qadın paltarı geyinməklə, ləhcə ilə güldürməyə çalışırlar ”.

Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev isə ölkənin televiziya məkanındakı hazırkı vəziyyətdən, görülmüş işlərdən danışıb. O, qanunvericilikdə bəzi dəyişikliklər edilməsinin labüdlüyünü də vurğulayıb.

Q. Cəbiyev televiziyalarda peşəkarlıq probleminin olduğunu, MTRŞ-nın bunun aradan qaldırılması üçün səy göstərdiyini qeyd edib: “Televiziyaları baxımsız edən əsas məsələlərdən biri də efirin eyni tipli proqramlarla yüklənməsidir ”.

Professor Qulu Məhərrəmli də R. Mehdiyevin məqaləsinin yüksək əhəmiyyətini vurğulayaraq, illərlə müşahidə olunanların, dövlətin yüksək vəzifəli şəxsi tərəfindən deyildiyini bildirib: “Televiziyaların işində daha ciddi nöqsanlar da var. Bu gün televiziya dəyərləri və prinsipləri itir. Bu isə özünü bir neçə ildən sonra daha ciddi şəkildə göstərəcək. Hazırda televiziyaların, onlara rəhbərlik edən şəxslərin konsepsiyası yoxdur. Ona görə də sistemsiz iş qurulur, ekranda ciddi mövzular olmur”.

Q. Məhərrəmli deyib ki, bu məsələdə büdcədən maliyyələşən televiziyaların öhdəsinə daha çox iş düşür. O, həmçinin televiziya tənqidinin olmadığını, bunu edənlərin isə elə televiziyalar tərəfindən təhqirə məruz qaldıqlarını da söyləyib.

Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev isə kino sənətinin inkişafında danışıb. O, milli kinonun yaşaması üçün elektron KİV-in üzərinə düşən vəzifələrdən danışıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, APA-nın baş direktoru Vüsalə Mahirqızı da tədbir təşkilatçılarına təşəkkür edərək, Ramiz Mehdiyevin məqaləsinin cəmiyyətdə böyük əks-səda doğurduğunu bildirib: “Bu məqalə ilə əslində Ramiz müəllim televiziyaları xilas etmiş oldu. Çünki Azərbaycan televiziyalara qarşı bir etimadsızlıq və etinasızlıq başlamışdı. Vətəndaş milli efirdən imtina edib, xarici efirə və yaxud internet resurslarına üz tutmaqla əslində baş verənlərə öz etirazını bildirirdi. Ramiz müəllim bu məqalə ilə bir daha cəmiyyətin diqqətini yaddan çıxmaqda olan televiziyalara yönəltdi, onları yenidən diqqət mərkəzinə çevirdi”.

Baş direktor deyib ki, televiziyalarda müxtəlif elmi verilişləri, debatları təşkil etmək üçün bugünkü reallıqda peşəkar kadrlar yoxdur: “Əgər kadr problemi həllini tapmasa, hər hansı dəyişikliyə ümid bağlamaq mümkün deyil. Yeni aparıcı nəsli formalaşdırılmalıdır ”.

V. Mahirqızı bildirib ki, şou proqramlara sosial çalar qatmaq, insanları düşündürərək, məlumatlandıraraq, həm də əyləndirmək mümkündür. O, həmçinin R. Mehdiyevin məqaləsindəki “səyyar kameralar yalnız konsert təşkil etmək üçün deyil” sözlərindən sitat gətirərək, bəzən baş verən hadisələr zamanı televiziyalardan saatlarla xəbər almağın mümkün olmadığını bildirib: “Səbəbini soruşanda isə bunu ajiotaja səbəb olmamaq üçün etdiklərini deyirlər. Əslində isə vizual görüntü və hadisə yerindən birbaşa xəbərlər olmayanda şayiə texnologiyası işə düşür və cəmiyyət daha çox ajiotajda olur. Bu, Neft Akademiyasında baş vermiş son hadisədə də bir daha özünü göstərdi”.

Xalq artisti Mənsum İbrahimov da televiziyaların bayağı şou proqramlara hədsiz dərəcədə çox yer verdiklərini bildirib: “ Şou proqramları ən baxımlı saatlarda təqdim edirlər. Muğamı isə ya gecə saatlarında, ya da səhər saat 8-də yer verirlər. Səbəbini soruşanda isə bildirirlər ki, xalq estrada musiqisinə daha çox qulaq asır. Amma bu, yanlış nəticədir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin bütün iştirakçılarını hər kəs tanıyır. Bu qədər ulduz yarışmaları keçirilir. Heç birinin iştirakçısı xalqın yaddaşında qalmır. Elə bu özü sübutdur ki, milli-mənəvi dəyərlər, muğamımıza üstünlük vermək, onu layiqincə təbliğ etmək lazımdır”.

İTV-nin İnformasiya və Analitik Proqramlar Departamentinin baş redaktoru Füzuli İsmayılov isə tənqidlərin forması ilə razılaşmadığını deyib. O bildirib ki, bütün tənqidlərin televiziyaların hamısına aid edilməsi və televiziyaların ümumi fəaliyyəti adı altında söylənilməsini qəbul etmir. İTV-də maarifləndirici verilişlər, debatlar və müzakirələrə yer verildiyini qeyd edən baş redaktor efirə milli mədəniyyətimizi yaradan müğənniləri dəvət etdiklərini, bəzən onlara qanorar da verildiyini vurğulayıb: Amma bu ənənəni, efirin milliliyini və ciddiliyini qorumaq o qədər də asan başa gəlmir. Çox ciddi təzyiqlər, tənqidlərlə üzləşirik. Xahişləri, zəngləri geri çevirməli oluruq”.

İTV-nin nümayəndəsi həmçinin televiziyaların reytinq sorğularını keçirən piar şirkətlərin də fəaliyyətinə diqqət yetirilməsini vacib sayıb: “Bütün reklamçılar, veriliş sponsorları onların reytinq cədvəllərini əsas götürürlər. O cədvəllərdə verilişlərin hansı prinsiplə reytinq topladığı isə açıqlanmır məxfi olduğu qeyd edilir. Əsas problemlərdən biri də məhz burdadır”.

F. İsmayılov həmçinin sosioloji sorğu mərkəzlərinin fəaliyyət göstərməsini, cəmiyyətin hansı verilişə tələbatının olduğunu, günün hansı saatında hansı verilişin efirə verilməsinin vacibliyini qeyd edib.

Tədbiri yekunlaşdıran “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov səsləndirilən təkliflərin səmərəliliyini, cəmiyyətdə televiziyaların fəaliyyəti ilə bağlı başlanmış müzakirənin davam etdirilməsinə ehtiyac olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR