Bank Of Baku

Anar İsgəndərov: “Erməni təbliğatının müqabilində biz sovet dönəmində heç nə edə bilmədik” - MÜSAHİBƏ

Anar İsgəndərov: “Erməni təbliğatının müqabilində biz sovet dönəmində heç nə edə bilmədik” - <font color=red>MÜSAHİBƏ</font>
# 24 avqust 2010 15:05 (UTC +04:00)
Bakı – APA. Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun APA-ya müsahibəsi

Müsahibə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlətçilik tarixinin təbliği: bilmədiklərimiz” layihəsi çərçivəsində hazırlanıb.

- Ermənilər Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi siyasətini bu gün Qarabağ ərazisində həyata keçirirlər. Bu siyasətin aparılması nə zamandan başlayıb və məqsəd nədir?

- Ermənilər türklər məskunlaşan ərazilərə gələndən və onlar üçün şərait yaradılandan sonra ilk olaraq kilsələrin tikilməsinə nail olublar. Onlar alban kilsəsini də 1836-cı ildə Rusiya dövlətinin təkidi və təsiri ilə öz əllərinə keçirdilər. Beləliklə, alban mədəniyyətini özününküləşdirdilər. Alban mədəniyyətini, alban kilsəsini və dinini ələ keçirən ermənilər üçün ikinci önəmli cəhət yaşadıqları əraziləri özününkü etmək üçün onun toponimləri, yer adlarını dəyişdirməyə cəhd göstərməkdir. Bu baxımdan Qərbi Azərbaycan ərazisində coğrafi və yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə ilk cəhd - 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra başlanıb. Bu proses 1920-1952-ci illəri əhatə edib. Bu mərhələdə onlar burada kifayət qədər ad dəyişdirdilər. Adları dəyişdirmək üçün də əllərində olan bəhanə bundan ibarət idi ki, 1948-53-cü illərdə azərbaycanlı əhali Qərbi Azərbaycandan köçürüləndən sonra həmin kəndlər boş qaldı, boş qalan ərazilərdə erməniləri yerləşdirməklə, əslində, Azərbaycan yer adlarını da ləğv etdilər, ona erməni adları verdilər.

İkincisi, Osmanlı ərazisindən köçürülən minlərlə erməni – yəni Osmanlı dövlətinə xəyanət üzündən o dövlətin ərazisində yaşaya bilməyən ermənilər 1918-ci ildə Ararat Respublikası yaradılandan, bu ərazidə məskunlaşandan sonra burada olan müsəlman türk əhalisini qovmaqla onların yurd-yuvalarını əllərindən aldılar. Bircə faktı qeyd etmək lazımdır ki, erməni tarixçi Kodokyan yazırdı ki, 1914-1922-ci illərdə Birinci Dünya Müharibəsi zamanı Qərbi Azərbaycanda 675 min türk yaşayırdısa, 1922-ci ildə onların sayı cəmi 10 min idi. Bunu bir erməni yazırdı. Bu müddətdə bu qədər əhali hara getmişdi? Bu qədər insanın ev-eşiyi əlindən alınıbsa, onlar məhv edilibsə, onların kənd və şəhərləri boş qalırdı və boş qalmış yaşayış məskənlərinə də erməni adları verilirdi. Beləliklə də əslində ermənilər XX əsrin 80-ci illərinə qədər Azərbaycan – türk əhalisinə qarşı nə lazımdırsa etdilər. Həm ideoloji cəhətdən bunu etdilər, sonra yer adlarını dəyişdirməklə erməniləri birmənalı şəkildə inandırmağa çalışdılar ki, bu torpaqlar onlarındır və eyni zamanda azərbaycanlıları da məcbur edirdilər ki, onlar burada qonaqdırlar və gec-tez köçməlidirlər. Beləliklə də XX əsrin 80-ci illərində yenidən Dağlıq Qarabağ uğrunda hərəkat başlayarkən, Dağlıq Qarabağ sualı ortaya çıxanda ermənilər ilk olaraq Qərbi Azərbaycanda olan 200 minə qədər Azərbaycanlını köçürməklə, onların var-dövlətini mənimsəməklə ərazilərin adlarını dəyişdilər və mənimsədilər. Bu təbii ki, Qərbi Azərbaycanda türk müsəlman əhalisinə qarşı keçirilən bir siyasətin nəticəsi idi.

- Bəs Dağlıq Qarabağ ərazisi ilə bağlı addəyişmələr necə başlandı?

- Dağlıq Qarabağ ərazisi üçün bir cəhəti qeyd etmək lazımdır: bu gün Xankəndi dediyimiz ərazisi doğrudan da 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən Xankəndi adlanırdı. Amma oranın adının dəyişdirilib Stepanakert qoyulması, ərazidə yeni erməni adlarının meydana gəlməsi nə ilə bağlı idi. 1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən bu vilayətlə bağlı qəbul olunan qərarda qeyd olunurdu ki, burada dövlət dili erməni dilidir. Ərazi Azərbaycan ərazisidir, idarəçilik Azərbaycana məxsusdur, amma dili erməni dilidir. Təbii ki, burada dövlət dilinin erməni dili elan olunması sovet hakimiyyətinin özünün marağından irəli gəlirdi və beləliklə də ermənilər yeni ərazi yaradarkən həmin ərazilərin adlarını erməniləşdirirdilər. Düzdür, o zaman Dağlıq Qarabağda olan ərazilərin adlarını dəyişdirə bilməsələr də, hər halda yeni yaradılan inzibati ərazilərə erməni adı verilirdi. Tarixin sonrakı məqamlarında Qarabağla bağlı münaqişə ortaya çıxanda ermənilər bütün dünyanı inandırırdılar ki, burada dağ adları da, çay və göl adları da erməni adlarıdır və tarix boyu ən qədim dövrlərdə də burada ermənilər yaşayıb. Təbliğat aparır, dünyanı “maarifləndiririb” bu ərazinin ermənilərə məxsus olduğunu iddia edirdilər. Təbii ki, sovet dövründə ermənilərdən fərqli olaraq, bizim siyasətimizin kökündə dostluq, qardaşlıq, beynəlmiləlçilik dayandığından biz belə bir siyasətdən istifadə edə bilmədik. Buna görə də 80-ci illərin sonlarında “Dağlıq Qarabağ kimindir?” məsələsi ortaya çıxanda beynəlxalq aləmdə belə deyilirdi: “ya ermənilərindir, ya da heç kimin”. Azərbaycanlıların təbliğatı getmədiyinə görə onsuz da erməniləri müdafiə edən Qərb Azərbaycanla bağlı heç bir məlumata malik olmadığı halda ermənilərin tərəfini saxladı. O müdafiənin nəticəsidir ki, bu gün münaqişə ilə bağlı həmsədrlik edənlərin dilindən bu günə qədər biz belə bir cümlə eşitməmişik ki, “Qarabağı ermənilər işğal edib”. Amma əksinə onların bizə tövsiyəsi, məsləhətləri bundan ibarətdir ki, Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmək üçün bu ərazinin statusunu tanımaq lazımdır, ondan sonra isə aran Qarabağ torpaqlarının azad edilməsindən söhbət gedə bilər. Bütün bunlar onu göstərir ki, tarix boyu ermənilər dünyanı yalanlarla, yalançı göz yaşları ilə inandıra bilib.

- Ermənilərin iddialarının saxta olduğunu sübut etmək üçün hansı mənbələri göstərmək olar?

- Azərbaycanın, Ermənistanın Rusiyanın tərkibinə daxil olduqları dövrə qədər bununla bağlı kifayət qədər mənbələr var. Azərbaycan mənbələrini bir kənara qoyuram. Rusiyada bununla bağlı yüzlərlə qaynaqlar mövcuddur. O cümlədən Qafqaz Arxeoqrafiya Komissiyasının aktları var. Bu, 12 cilddən ibarətdir və hər bir cildi böyük bir kitabdır. Bu, ən etibarlı mənbə sayılır. Kitabın birinci cildi 1866-cı ildən başlanır, axırıncı cildi 1912-ci ildən. Bu mənbənin bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, Rusiya işğalı dövründə Azərbaycanın hansı kəndləri işğal olunmuşdusa, kəndlərə, məhəllələrə qədər olun bütün məsələlər orada əks olunub. Orada Qərbi Azərbaycanda, Qarabağda, Borçalıda olan bütün coğrafi adlar Azərbaycan-türk adlarıdır. Amma zaman keçdikcə, sovetləşmədən sonra bu adlar təhrif olunmağa başladı. Ermənistan rəsmi olaraq 1945-ci ildə də, 1948-ci ildə də, 1953-cü ildə də birmənalı olaraq, yer adlarının dəyişdirilməsi ilə bağlı qərarlar veriblər. Yəni bu rəsmi sənədlərdə də var. O qərarlarda göstərilir ki, bu ərazilərdə erməni əhalisi yaşadığına görə, həmin yerlərə erməni adı verilir. Azərbaycanın yeni işğal olunmuş ərazilərinə, Şuşaya, Laçına, Kəlbəcərə verilən adlar onu göstərir ki, tarix boyu erməni bu işlə məşğul olub, bu işdə böyük təcrübələr var.

- Ermənilər Azıx mağarasının da adını dəyişərək Varvan qoyublar. Bu iddiaları necə qiymətləndirirsiniz?

- “Azıx” türk sözüdür. Həmin Mağara Dağlıq Qarabağda, Füzuli rayonunun mərkəzindən 14 kilometr kənarda yerləşir, inzibati baxımdan Xocavənd rayonu ərazisindədir. Əslində Azıxdakı daşlaşmış alt çənə sümüyünün 350-400 min il yaşı varsa, onun milli kimliyinin kimə aid olmasını iddia etmək gülünc olar. Çünki 350 min il əvvəl milli tərkib ifadəsi olmazdı. Azıx mağarası dünyada qədimliyinə görə 4-cü tapıntıdır və bu, ermənilərin iddialarını təkzib edir. Ermənilər bununla ən qədim zamanlardan burada yaşadıqlarını iddia etməyə çalışırlar. Amma yenə də bu yersiz iddiadır. Bu mağara 1960-cı ildə kəşf olunub, 1968-ci ildə daşlaşmış alt çənə sümüyü tapılıb və dünyanın məşhur antropoloqları, arxeoloqları onun üzərində tədqiqatlar aparıblar və birmənalı olaraq bu qənaətə gəliblər ki, həmin alt çənə sümüyünün tapıldığı insan məhz bu ərazidə yaşayan azərbaycanlılar olub. Buna görə də ermənilər nəyi təhrif etməyiblər ki, Azıx mağarası ilə bağlı da təhrifləri olmasın? Bu gün də imkan onların əlindədir, mağara onların əlindədir, tədqiqatları onlar aparırlar. Erməni yalanları, böhtanları imkan verir ki, ürəklərindən nə keçirsə, onu dünyaya bəyan etsinlər. Çünki onların yaydıqları məlumatları dünya məmnuniyyətlə qəbul edir. Biz yaddan çıxarmamalıyıq ki, Ermənistan kiçik bir ərazidə yerləşir. Onların kiçik ərazilərinin olması bizi sevindirməməlidir. Bizim düşüncəmizdə bir Rusiya Ermənistanı, bir Fransa, bir ABŞ və Yaxın Şərq Ermənistanı olmalıdır. Biz belə düşünsək, düz etmiş olarıq. “Ermənilər Dağlıq Qarabağdan gedəcək və o torpaqlar özbaşına qalacaq” fikri nağıldır, cəfəngiyatdır. Bu bəlkə də düşmən təbliğatıdır. Ermənistanın havadarları çoxdur diasporu güclüdür və biz bilməliyik ki, bizim mübarizə apardığımız ərazi kiçik Ermənistan deyil. Amma eyni zamanda bu bizi qorxutmamalıdır. Biz də çalışmalıyıq ki, bunların qarşısının alınması üçün fəaliyyət göstərək. Biz də Azərbaycanın tarixi mənbələrini dövriyyəyə cəlb etmişik. Amma bu bir qədər gec olub. Birincisi, sovet dövründə yazdıqlarımız uğur qazanmadı. Yazdıqlarımızı çap etdirə bilmədik. Amma ermənilər bunu etdilər. Digər tərəfdən sovet dövründən sonra da mütəşəkkil şəkildə biz həm Qərbi Azərbaycanda, həm Dağlıq Qarabağ ərazisində, həm Gürcüstan ərazisində o adları toplaya bilmədik. Dünyada yazıb-yaratmaq əsas deyil, əsas yazılanın təbliğidir. Əgər yazılan kitabxanada qalacaqsa, onu heç kim oxumayacaqsa, dünya dillərinə çevrilməyəcəksə, bunun əhəmiyyəti yoxdur. Erməni təbliğatının müqabilində biz sovet dönəmində heç nə edə bilmədik.

- Azərbaycan tarixçiləri erməni təbliğatının qarşılığında hansı işləri görə bilirlər?

- Tarixçi imkanı daxilində hərəkət edir. Fridrix Engels Karl Marksın qəbri üzərində nitqində deyirdi ki, insanlar elm, incəsənət, mədəniyyətlə məşğul olmazdan əvvəl yeməli, içməli, geyinməlidirlər. Əgər tarixçi bir neçə iş yerinə gedib ailəsini dolandırmaq üçün minimum məbləğ əldə etməklə məşğuldurlarsa, tarixçilərdən çox şey gözləmək də sadəlövhlükdür. Yəni tarix boyu belə olub. 1931-ci ildə Türkiyədə türk Tarix Qurumu yaradıldı. O qurum Türkiyə Cümhuriyyəti üçün nələr lazımdırsa, onun bir hissəsini etdi. Sovet dövlətində Qırmızı Professor İnstitutu yaradıldı. Bu gün tarixçinin bir nömrəli işi tədris, Akademiyada işləyənlərin işi isə qarşıya qoyulan planın yerinə yetirilməsidir. Bir də var Azərbaycanın problemləri, o problemlərin araşdırılması. Tətbiqi tarixə üstünlük verməyə ehtiyac var. Amma tarixçinin qısa müddətdə nəyinsə öhdəsindən gələ biləcəyini düşünmək sadəlövhlükdür. Tarixçinin maddi imkanları o qədər çox olmalıdır ki, dünyanın istənilən nöqtəsində Azərbaycanla bağlı olan mənbələri dövriyyəyə cəlb edə bilsin.

- Azərbaycanın ermənilərin apardığı təbliğat və addəyişmənin qarşısının alınması üçün hansı təsir imkanları var?

- Biz həmişə göyü yox, gömgöyü, qara yox, qapqaranı xoşlayırıq. Tarixin qədimə aparılması kimə nə verir? ABŞ qədimliklə əlaqəsi olmayan bir ölkə kimi bunu ümumiyyətlə, rədd edir. Bu gün kim harada məskunlaşırsa, onun tarixi maraqlı olur. “Qədimdə bura mənim olub” ölçüsü ilə baxılsa, onda gərək dünyanın siyasi xəritəsinə yenidən baxılsın. Erməni haqq və ya nahaq, doğru və yalan dünyanı inandırıb ki, Albaniyanın tarixi onun tarixidir. O Albaniya ki, Şimali Azərbaycanın tarixi onunla başlayır. Biz hələ özümüzdə Albaniyanın tarixini araşdıranların arasında fikir birliyinə nail olmalıyıq. İkincisi, biz təkcə Azərbaycan mənbələrini yox, erməni və digər tarixi mənbələrini də dövriyyəyə cəlb etməklə iş aparmalıyıq. Xalq tarixdən nəticə çıxaranda səhvə yol vermir. 1905-ci ildə erməninin bizdən nə istədiyinin mahiyyətini dərk etsəydik, 1918-ci ildəki qırğınlar, 1988-ci il hadisələri baş verməzdi. Tarix o zaman elmlərin fövqündə dayanır ki, baş verənlərdən nəticə çıxarılır. Biz nə zaman baş verənlərdən nəticə çıxardıq ki, digər hadisələrə hazır olaq? Reallıq insanlara olduğu kimi çatdırılmalıdır. Yoxsa “biz sabah gedib Şuşada oturacağıq, dığaları da əzəcəyik” fikirləri gəncliyin zarafatı ola bilər. Müharibə şəraitində olan ölkə üçün “dığa” ifadəsi olmamalıdır. Çünki dığalara verilən silahlar o qədər müasirdir ki, biz ondan da güclüsünü yaratmalıyıq. O zaman dediyimiz həqiqət ola bilər. Haqqı gözləməklə, “haqq bizim tərəfdədir, o gələcək” deməklə haqq gəlmir. Haqq istəyən onun uğrunda cihada çıxır. Hələlik biz Qarabağ müharibəsi ilə bağlı qəhrəmanlarımızı sayanda 4-5-ni deyib sonra dayanırıq. Deməli, bu bizim nöqsanımızdır. Elə təbliğat aparılmalıdır ki, hər kəs qəhrəman olmaq istəsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR