Bank Of Baku

“Azərbaycanın dövlətçilik tarixi: açılmayan mənbələr” – DEBAT - FOTOSESSİYA

“Azərbaycanın dövlətçilik tarixi: açılmayan mənbələr” – <font color=red>DEBAT - FOTOSESSİYA</font>
# 06 sentyabr 2010 07:50 (UTC +04:00)
Tədbirdə tarix elmləri doktoru Kərim Şükürov, Qarabağ Azadlıq Təşkilatının sədri, tarix elmləri namizədi Akif Nağı və Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov iştirak edib. Dəyirmi masanın moderatoru Elnur Məmmədli olub.

“Dünyanın ən qədim mənbələri hər xalqa nəsib olmur”

Elnur Məmmədli:
- Azərbaycanın dövlətçilik tarixi ilə bağlı tarixi mənbələr kifayət qədər tədqiq olunubmu?

Akif Nağı:
- Mən hesab edirəm ki, Azərbaycan dövlətçiliyinin tarixi lazım olan səviyyədə tədqiq olunmayıb. Çoxlu sayda problemlər var. Bu mövzuda çoxlu sayda kitablar yazılır. Lakin bu kitablar doğrudan da Azərbaycan dövlətçilik tarixinin öyrənilməsinə həsr olunub, yoxsa kitab buraxmaq xətrinə buraxılıb?! Onların əksəriyyəti bir-birindən köçürülmə, təkrar kitablardır. Amma indiyə qədər Azərbaycan dövlətçiliyinin konseptual tarixi ortada yoxdur. Rusu bəyənmirik, sovet dövründə təhriflər var idi, tarix saxtalaşdırılırdı, amma indiki dövrlə müqayisədə o dördə müəyyən konseptual yanaşma var idi.

Elnur Məmmədli:
- Mənbələrin kifayət qədər olmaması ilə bağlı belə bir fikir də formalaşıb: “Türklər tarix yaradıb, amma tarixi yazmayıblar”. Bu nə qədər doğru fikirdir?

Anar İsgəndərov:
- Bu olduqca çətin və eyni zamanda düşündürücü məsələdir. Mən də başqaları kimi birmənalı deyərəm ki, bu fikir böhtandır, yalandır. Birincisi, onu öyrənmək lazımdır ki, tarixi zənginlik nəyə deyilir. Bəli, Azərbaycanın qədim tarixi ilə bağlı mənbələr, yəni bizim istinad mənbələrimiz Heredotdur, Radondur, Plutarxdır, Tittividir, ərəb, yunan, fars, Roma mənbələridir. Bu reallıqdır, bundan qaçmaq olmaz. Problem nədən ibarətdir? Tutaq ki, biz alban əlifbasını aşkar etmişik. Amma alban əlifbasının aşkar olunması hələ bu günə qədər bizə nə isə verməyib. Biz ona nail ola bilməmişik ki, bu alban əlifbasında yazılan nə var? Biz bunu tapa bilməmişik. Amma ümumilikdə, dünyanın ən qədim mənbələri hər xalqa nəsib olmur. Hər xalq qədim mənbəyə sahib deyil. Tutaq ki, bu gün böyük Rusiya üçün belə böyük mənbələr yoxdur. Yəni Rusiya tarixi ilə bağlı bütün mənbələr İsveç, Norveç, Danimarka və Skandinaviyadan gələn tarixçilərin yazdıqlarına istinad edilir. Alman mənbələrində əkinçiliklə bağlı slavyanlarda nə varsa, onlar qeyd olunub. Amma bu o demək deyil bu, faciəli bir haldır.

“Mixi yazılar əcnəbi dövlətlərə məxsus olduğuna görə Azərbaycanın dövlətçilik rolunu azaldır”

Kərim Şükürov:
- Azərbaycan tarixində 20-yə qədər dövlət olub və təxminən 20 dövlət də Azərbaycan ərazisində müxtəlif dövrlərdə hökmranlıq edib. Bu 40 dövlətin hər birinin tarixi üzrə qaynaqlar müxtəlif səviyyədədir. Yəni birmənalı şəkildə “Azərbaycan dövlətçiliyinin tarixinə dair olan qaynaqlar” ifadəsini işlətsək, bu ifadə vəziyyəti bir qədər mürəkkəbləşdirər. Yəni biz konkret dövlətlərin tarixinə nəzər salsaq, bizim çox qədim dövlətlərimizin tarixinə dair qaynaqlar azdır. Əsas problem ondan ibarətdir ki, bizdə qaynaqların çoxu Azərbaycan dilində deyil. Məsələn, qədim dövrdən başlasaq, Manna dövlətinə aid olan qaynaqlar təbii ki, çox azdır. Əsas qaynaqlar isə mixi yazılarla bağlıdır. Biz o məlumatları əsasən assuriyalıların yazılarından alırıq. Ona görə də o mixi yazılar əcnəbi dövlətlərə məxsus olduğuna görə Azərbaycanın dövlətçilik rolunu azaldır.

Elnur Məmmədli:
- Ən qədim dövrlərlə bağlı olan mənbələrə nə qədər etibar etmək olar? O baxımdan ki, bu mənbələrin əksəriyyəti başqa xalqlara məxsus olan salnaməçilər və tarixçilər tərəfindən yazılıb?

Kərim Şükürov:
- Bizim Atropatena və Albaniya haqqında məlumatları əsasən Roma-Yunan müəlliflərinin əsərlərindən alırıq. Burada da biz çoxlu təhriflərlə rastlaşırıq. Əlbəttə onlar bu informasiyanı verdiyinə görə boşluğu aradan qaldırır. Amma o informasiyaları onlar öz baxışlarından çıxış edərək verdikləri üçün, həm də o informasiyanın toplanma qaynağının özü subyektiv olduğu üçün verilən məlumatlar da subyektiv olur. Məsələn, biz Strabonunn “Coğrafiya” əsərinə nəzər salanda orada Albaniya barədə məlumatların İberiya və Ermənistanla müqayisədə təhrif olunduğunu arxeoloji materiallarla sübut edirik.

“Albaniyanın erməni yox, Azərbaycan dövlətçiliyə aid olduğunu sübut edilib”

Amma son dövrlərə yaxınlaşdıqca bizim informasiyalarımız artır. Ümumilikdə isə digər dövlətlərlə müqayisədə bizim Azərbaycan tarixinin öyrənilməsində mənbə problemi bir nömrəli məsələdir. Bu da ondan ibarətdir ki, o qaynaqlar əsas etibarı ilə əcnəbi dövlətlər vasitəsi ilə bizə çatır. Onlar da öz dövlətlərinin mənafeyini ifadə etdiyindən yerli gerçəkliyi təhrif edirlər. Bu, böyük problemdir. Amma mən bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda mənbələrin öyrənilməsi ilə məşğul olan mənbəşünaslığın inkişafına, bu inkişafın sürətlənməsi və dərinləşməsinə ehtiyac var. Məsələn, informasiyaların çoxu Çin mənbələrində olur, amma Çin mənbələrinin öyrənilməsi üzrə bizdə mütəxəssislər azdır. Mixi yazıların öyrənilməsi üzrə mütəxəssis yoxdur. Bu sahədə böyük boşluq əmələ gəlib.

Akif Nağı:
- Mən əvvələ qayıdıram. İndiyə qədər mövcud olan konsepsiyaya görə, Azərbaycan ərazisində ilk dövlətlər eradan əvvəl III minillikdə Aratta dövlətinin yaranması ilə başlayıb. Aratta dövlətinin mahiyyəti, quruluşu, forması nə idi, nə dərəcədə bizim dövlətimizdir, bunlar tam araşdırılmalıdır. Bu məsələdə yazılanlar yalnız şüarçılıq üzərində qurulub. Ondan sonra Kuti, Lullibilər dövlətləri gəlir. Bunun ardınca isə az-çox öyrənilmiş Midiya dövləti gəlir. Amma bununla bağlı da tam araşdırma aparılmayıb ki, bu dövlətçilik quruluşu bizimdir, ya yox. Bu dövlətə daha çox farslar sahib olmağa çalışırlar. Manna ilə bağlı isə artıq yekun fikir var, dünya tarixşünaslığında da qəbul olunub ki, bu Azərbaycan dövləti olub. Amma Manna dövləti bir qədər cavan dövrdür. Həmçinin, Manna dövləti dünya siyasətində xətti-izi olmayan dövlətdir. Midiya isə dünya tarixində iz buraxıb. Amma bununla bağlı sanballı bir əsər ortaya qoyulmayıb. İqrar Əliyev yazırdı ki, Midiya dövlətində ari tayfaları vardı və bunlar İran dilli olub. Başqa tədqiqatçılar bildirirlər ki, burada mak tayfaları olub və Midiya türk dövləti olub.

Bu gün tədqiqata ehtiyacı olun dövlətlərdən biri Albaniyadır. Bu gün albanşünaslıqda ən sanballı araşdırma aparan Fəridə Məmmədovadır. O, alban tarixini kifayət qədər peşəkar tədqiq edib. O, ermənilərin tezisinin üstündən xətt çəkdi. Ermənilər Albaniyanı erməni tarixçiliyinə daxil edirdilər. Və ermənilərin tarixi yalan üzərində qurulub, yalanla da yaymağı bacarırlar. Onlar iddia edirlər ki, Albaniya erməni dövləti olub. Çünki Musa Kalankatlının “Alban tarixi” əsəri var və bu da erməni dilində yazılıb. Bu əsərin erməni dilində qalmasına səbəb odur ki, ərəblər Azərbaycana gələndə o vaxta qədər olan Alban kilsəsində olan kitabları yandırdılar. Erməni dilində olan yazılar isə qaldı. Amma Fəridə Məmmədova sübut etdi ki, bu əsər alban dilində yazılıb və erməni dilinə tərcümə edilib və Albaniyanın Azərbaycan dövlətçiliyə aid olduğunu sübut etdi.

Elnur Məmmədli:
- Azərbaycanın qədim tarixi ilə bağlı mənbələrin böyük əksəriyyətinin məhz xarici tarixçilər tərəfindən yazılmasına səbəb nədir?

“Biz heç bir halda mənbə baxımından kasıb deyilik”

Anar İsgəndərov:
- Tarix boyu bu əraziyə gələnlər, işğal edənlər, yürüş edənlər, bu ərazidə assimilyasiya olanların Azərbaycan xalqı ilə bağlı yazdıqları o qədərdir ki, onun sayı-hesabı yoxdur. Bir şeyi də yaddan çıxarmayaq ki, uzun müddət Azərbaycan və İran ət və dırnaq kimi olublar, Azərbaycanın sonrakı dövr tarixində – Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, ondan sonrakı dövrdə yüz minlərlə mənbələr var. Təbii ki, ki, o mənbələr ya fars dilində yazılıb, ya da başqa. Amma biz deyə bilmərik ki, o mənbələr bizim deyil. Onları biz yazmışıq. Sadəcə o zamankı dil, əlifba farsca olub. Biz heç bir halda mənbə baxımından kasıb deyilik. Yenə də qeyd edirəm ki, bizim arzumuz odur ki, kaş o mənbələr Azərbaycan dilində olaydı. Məsələn, ən çox öyündüyümüz mənbə Azərbaycan mənbəşünaslığın və tarixşünaslığının bünövrəsi Abbasqulu Ağa Bakıxanovun “Gülüstani İrəm” əsəri ilə qoyulub və o əsər də fars dilində yazılıb. O əsər 1923-cü ildə Azərbaycan dilinə çevrilib. Yəni tarix boyu elə olub ki, bu ərazidə olan dil nə qədər zəngin, şirin dil olsa da, bu dildə yazılanlar azdır. Amma mənbə baxımından zəngin materiallar var.

Elnur Məmmədli:
- Akif müəllim, siz bildirdiniz ki, dövlətçilik tarixi kifayət qədər tədqiq olunmayıb. Burada mənbə qıtlığı problemi səbəblərdən biri kimi göstərilə bilərmi?

Akif Nağı:
- Təbii ki, belə problem mövcuddur. Amma kifayət qədər mənbələr də var. Sadəcə olaraq o mənbələrin öyrənilməsi istiqamətində iş getmir. Azərbaycan tarixini öyrənmək istəyiriksə, qədim yunan, Bizans, çin mənbələri öyrənilməlidir. O mənbələrdə Azərbaycan tarixi ilə bağlı elə faktlar tapmaq mümkündür ki, başqa bir mənbə axtarmağa ehtiyac yoxdur. Azərbaycanın özündə isə qədim dövrlə bağlı yazılı mənbələr yoxdur. Öz dilimizdə də belə mənbələr mövcud deyil. Azərbaycan və türk tarixini həmişə başqa xalqlar yazıb.

“Qaynaqların aşkar edilməsi üçün dövlət proqramına ehtiyac var”

Anar İsgəndərov:
- Azərbaycanın qədim tarixi ilə bağlı Strabonun, Heradotun, Plutarxın, ərəb mənbələrinin adlarını çəkirik və bu fəxrdir. Mənim fikrimcə, biz mənbə qıtlığından şikayətlənə bilmərik. Digər tərəfdən biz Azərbaycan deyəndə məskunlaşma baxımından Cənubi Azərbaycan daha böyükdür. Və Cənubi Azərbaycanda tarix boyu daha çox insanlar yaşayıb. Bu mənada bu gün Cənubi Azərbaycan İran İslam respublikasının tərkibindədirsə, onunla bağlı bizim bilgilərimiz də kifayət qədər azdır. Amma mənbələr var, onlar araşdırılmalıdır.

Elnur Məmmədli:
- Mövcud olan, aşkar edilən qaynaqlar tam tədqiq olunubmu?

Kərim Şükürov:
- Bu məsələnin elmi tərəfi var. Qaynaqların aşkar olunması, qaynaq üzərində iş prosesi və qaynaqdakı məlumatların öyrənilməsi mərhələləri var. Bizdə ən mühüm məsələlərdən biri qaynaqların aşkar olunması məsələsidir. Aşkar olunan qaynaqlar var və onlar öyrənilir. Amma bundan da əlavə bizdə yeni qaynaqların elmi dövriyyəyə cəlb edilməsi ilə bağlı Azərbaycanın tarix elmində böyük bir problem qalmaqda davam edir. Yəni buna da nail olmaq üçün ərəb ölkələrinin, İran, Rusiya arxivlərində ciddi iş aparılmalıdır. Aparılan işlər səviyyəsi kifayət deyil. Hətta mən düşünürəm ki, bu o qədər vacib bir işdir ki, bununla bağlı xüsusi bir dövlət proqramına ehtiyac ar. Yəni bu dövlət proqramı çərçivəsində bu işin maliyyələşməsi ilə bağlı, kadrların hazırlanması da kompleks şəkildə həyata keçirilə bilər. İndiki şəraitdə mənə elə gəlir ki, bu potensialla bu çatışmazlığı aradan qaldırmaq çətindir.

“İlk dəfə Səfəvilər dövlətində Azərbaycan-türk ordusu formalaşdırıldı”

Elnur Məmmədli:
- Bəs Azərbaycanın dövlətçilik tarixində ordu quruculuğu məsələsi nə qədər zəngin olub və bununla bağlı tədqiqatlar hansı səviyyədədir?

Akif Nağı:
- Bu sahə ilə bağlı da tədqiqatlar azdır. Mövcud olanlar ondan ibarətdir ki, qədim dövrlərdə bölüklərin, komandaların, döyüş taktikaları bəllidir. Bu Midiya dövlətinə kimi gedib çıxır. Xilafətdən sonrakı dövrdə mövcud olan dövlətlərdə də Midiyadan qalan Azərbaycanın özünəməxsus ordu quruluşu hiss olunur. Azərbaycan ordusu haqqında bitkin olaraq Səfəvilər dövlətindən danışmaq olar. O zaman təmiz Azərbaycan-türk ordusu formalaşdırıldı. İlk dəfə Səfəvilər dövründə orduda danışıq, müraciət dili Azərbaycan dilində aparıldı. Komandalar Azərbaycan dilində verilib, bölüklər, rütbələr Azərbaycan dilində olub. Xanlıqlar dövründə isə hər xanlıq öz xüsusiyyətinə uyğun ordu formalaşdırırdı. Onların da böyük əksəriyyəti Səfəvi ordu quruluşuna istinad edirdi. Azərbaycan Çar imperiyasının tərkibində olanda isə Azərbaycan əhalisi orduya çağırılmadı. Bu da böyük çətinliklər törədirdi və Xalq Cümhuriyyəti yarananda Azərbaycan ordusunun formalaşması o qədər də asan olmadı.

Azərbaycanda çoxlu sayda açılmamış arxeoloji mənbələr var, lakin onlar tapılmayıb. Tapılan mənbələrin əksəriyyəti də təsadüf nəticəsində ortaya çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR