Bank Of Baku

Əflatun Amaşov: “Əvvəlki seçki illəri ilə müqayisədə mediada siyasiləşmənin geniş vüsət aldığı hiss olunmur” - MÜSAHİBƏ

Əflatun Amaşov: “Əvvəlki seçki illəri ilə müqayisədə mediada siyasiləşmənin geniş vüsət aldığı hiss olunmur” - <font color=red>MÜSAHİBƏ</font>
# 29 sentyabr 2010 15:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi.

- Son günlər ölkədə seçki fəallığı hiss olunmaqdadır. Sizcə, medianın hazırkı fəaliyyəti bu fəallığa adekvatdırmı?

- Sualınıza birmənalı cavab vermək çətindir. Çünki medianın fəallıq dərəcəsi cəmiyyətin ümumi fəallıq dərəcəsindən çox asılıdır. İkincisi, media cəmiyyətdə katalizator rolunu oynayır, onu formalaşdırır, konkret hadisəyə hazırlayır. Bunlar bir-biri ilə bağlı proseslərdir. Hər hansındasa ləngimə olsa, digərinə mütləq təsir göstərəcək. Əlbəttə, Azərbaycan cəmiyyətinin, yoxsa KİV-lərin hansının seçkiyə daha çox kökləndiyini söyləmək çətindir. Amma ikincilər xarakteri etibarilə daha aktiv təsir bağışlayır. Bu mənada media fəallığının cəmiyyətdəki ümumi fəallıqdan çox olduğu qənaətindəyəm.

- Bu, normal haldırmı?

- Konkret vəziyyətdən danışdım. KİV-in xarakteri etibarilə daha aktiv təsir bağışladıqlarını vurğuladım. Təbii ki, belə xarakterin mövcudluğu məsələsi mübahisəlidir. Son illər Azərbaycan mediasında kifayət qədər müsbət tendensiyalar müşahidə olunur. Bununla belə, mətbuatımız kompleks şəkildə müəyyən köhnəlmiş mənfi stereotipləri özündə saxlamaqdadır. Bunlardan biri siyasiləşmədir. Hələ də siyasi partiyalara üzv jurnalistlərimiz var. Təbii ki, kiməsə siyasi mənsubiyyətdən uzaq durmağı tapşırmaq olmaz. Sözlərimdən o anlaşılmasın ki, jurnalistin siyasi mənsubiyyəti olmamalıdır. Müəllim, həkim və digər peşə sahibi kimi, qələm sahiblərimizin də hansısa partiyada təmsilçilik hüququ var. Lakin indi vəziyyət elə gətirib ki, mövcud təmsilçilik mediada siyasiləşmə faktoru kimi ictimailəşib. Ola bilər bu ictimailəşmə medianın öz problemlərini daha çox görə və qabarda bilmə xüsusiyyətindən və imkanından irəli gəlir. Hər halda problem var və aradan qalxmalıdır. Buna görə də biz peşə davarınışı qaydalarının yeni variantında jurnalistlərə siyasi partiyalara üzvlükdən uzaq durmağı tövsiyə etdik.

- Siyasiləşmədən söz açdınız. Ötən illərlə müqayisədə mövcud amil medianın yaradıcılıq xüsusiyyətlərinə nə dərəcədə təsir göstərir? Konkret seçkinin işıqlandırılması praktikasını nəzərdə tuturuq.

- Əlbəttə, müqayisəli yanaşsaq, vəziyyətin kifayət qədər müsbətə doğru dəyişdiyini söyləyə bilərik. Ölkədə siyasiləşmənin aradan qalxmasına təkan verən bir sıra proseslər yaşanıb. Konkret seçkidən danışırıqsa, təbiidir ki, siyasətçilər və siyasi partiyalar seçkiyə siyasi divident qazanmaq üçün gedirlər. İqtisadi cəhətdən korluq çəkən jurnalist də zaman-zaman nicat yolunu seçkidə görüb. O çalışıb ki, bu və ya digər firqədə təmsilçiliklə və həmin firqənin qələbəsinə nail olmaqla öz həyat şəraitini yaxşılaşdırsın. Məsələyə ən primitiv izahı belə vermək olar. Nəticədə qələm siyasi alətə çevrilib, peşə əxlaqı və vicdanı kimi prinsiplər arxa plana keçib.

Siyasətçilər çox şey deyə bilər, jurnalistlər onların dediklərinin heç də hamısını yazmamalı, ictimai tərəflərini qabartmalıdırlar. Bu zaman peşə prinsiplərini gözləməlidirlər. Azərbaycanda kütləvi informasiya vasitələri bəzən siyasətçilərin etika baxımdan səsləndirə bilməyəcəkləri fikirləri belə qələmə almaqdan çəkinməyiblər. Bir çox həmkarlarımız olub ki, həyat, dolanışıq alternativsizliyindən bu yolu tutmaq məcburiyyətində qalıb. Hərəkətlərinə haqq qazandırmaqdan qətiyyən uzağam, amma prosesdə təbiiliyi də görmək lazımdır.

Son illər ölkədə media sahəsində xeyli müsbət irəliləyişlər var. Görülən işlər siyasiləşmənin də aradan qalxmasına hesablanıb. Mediaya dövlət qayğısı geniş vüsət alıb. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edilib. Sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu formalaşdırılıb. Fond KİV və jurnalist təşkilatları üçün layihə müsabiqələri, jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirir. Yüzlərlə qələm sahibi bu prosesdən faydalanıb. Heç şübhəsiz, yaradıcılığının qiymətləndirilməsi meyarlarının genişlənməsi onlara stimul verir. Nəhayət, ölkə prezidentinin sərəncamı ilə jurnalistlərə yaşayış evlərinin tikintisi üçün 5 milyon manat vəsait ayrılıb. Bütün bunlar jurnalistikanın imtiyazlı sahəyə çevirilməsi baxımından mühüm amillərdir. Fikrimcə, belədə jurnalistin hər hansı siyasi prosesə qoşulmasına ehtiyac da qalmır.

- Amma demək olmaz ki, bizdə siyasiləşmə yoxdur.

- Siyasiləşmə var, sadəcə, əvvəlki seçki illəri ilə müqayisədə geniş vüsət aldığı hiss olunmur. Lakin əldə olunanlarla kifayətlənmək olmaz. Jurnalistlərə yönəlik sosial tədbirlərin daha da gücləndirilməsinə ehtiyac var. Elə etmək lazımdır ki, bu və ya digər KİV əməkdaşı birbaşa öz işi ilə məşğul olsun. Loru dildə desək, onun fakta su vurmaq istəyi varsa belə, bu, yolverilən dərəcədə, hazırladığı materialı daha oxunaqlı etmək niyyətindən irəli gəlsin, kiminsə təhqirindən yox.

Onu da qeyd edim ki, dünya miqyasında mətbuatın bəzən siyasiləşmiş olması fikri ilə razılaşırlar. 1992-ci ildə Britaniyada keçirilən seçkilərlə bağlı bir misal çəkmək istərdim. Seçkidən bir gün öncə “The Sun” qəzetində Leyborist Partiyasının lideri Neyl Kinnokun başının elektrik lampasının içində təsvir edildiyi şəkli dərc olunur. Aşağıdakı mətndə isə bildirilir ki, bu gün Kinnok qalib gələrsə, lütfən Britaniyanı tərk edəcək axırıncı şəxs işığı söndürsün. Material böyük səs-küyə səbəb olur. Mühafizəkarların zəfəri ilə bitən seçkidən sonra “The Sun” mühafizəkarlara qələbə qazandırdığını iddia edir. Əlbəttə, məsələyə baxışlar müxtəlif olub. Bəziləri “The Sun”ın sonradan kursunu dəyişərək leyboristləri dəstəklədiyini söyləyir. Hər halda bu, KİV-in siyasi proseslərdə iştirakı, siyasiləşməsi ilə bağlı örnəklərdən biridir. Amma istər düşüncə tərzində, istərsə də peşəkarlıq meyarlarında fərqlilik olmalıdır. Mediaya əsasən biznes kimi yanaşılan Böyük Britaniyada da qəzetlər özlərinə lazım olanda siyasi meylli ola bilirlər. Bu da bir reallıqdırdır ki, dünya miqyasında partiya mətbuatının tənəzzülü müşahidə olunmaqdadır. Oxucular siyasi qurumlarla əməkdaşlıqda məsafə saxlayan KİV-lərə üstünlük verirlər və bu tendensiya media bazarının strukturuna təsir göstərir.

Əlbəttə, Azərbaycanla klassik mətbu ənənələrə malik Avropa ölkələrini tam mənada müqayisəyə gətirmək doğru olmaz. Bizim haradasa öz yolumuz var. Hər halda siyasiləşmənin mövcudluğunu etiraf etdiyimiz indiki şəraitdə bu örnəklərlə də tanışlığımız vacibdir.

- Yəni, hər şey peşəkarlıq üzərində cəmləşir.

- Əlbəttə. Konkret KİV əməkdaşının siyasi mənsubiyyəti barədə fikirlər bildirərkən onun peşə vicdanına etibar etmək zərurəti yaranır. Belə qayda qoymaq olmaz ki, jurnalistin siyasi mənsubiyyəti olmamalıdır. Hansısa media orqanı daxili sənədlərində siyasi mənsubiyyətli şəxsləri işə götürmədiyini açıqlaya və buna uyğun hərəkət edə bilər. Amma bütün bunların yekun nəticə etibarilə fayda verəcəyini düşünmürəm. Əsas məsələ peşəkarlıqdadır. Onu stimullaşdırmaq gərəkdir ki, fikrimcə, Azərbaycanda mövcud istiqamətdə kifayət qədər tədbirlər görülür.

Müxtəlif vaxtlarda Mətbuat Şurasında media peşəkarlığı institutu ideyası ətrafında müzakirələr aparılıb. İdarə Heyətinin son iclasında da məsələ ilə bağlı diskussiyalar gedib. İH üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ali jurnalistika məktəbi yaratmaq təşəbbüsünü səsləndirib. Düşünürəm ki, mövcud istiqamətlərdə işləri daha da sürətləndirmək və vahid plan şəklinə salmaq üçün imkanlarımız var. Vacib məsələlərdən biri kimi jurnalistlərimizin dünyanın qabaqcıl ölkələrində təcrübə artırma və xarici dil kurslarına qatılmalarının təminatı da mühüm yer tutur.

- Medianın seçkiləri, xüsusən də üzümüzə gələn 7 noyabr parlament seçkisini işıqlandırması ilə bağlı Mətbuat Şurasının tövsiyələri və iş prinsipi nədən ibarət olacaq?

- Tövsiyələrimiz Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının yeni variantında əksini tapıb. Sənədin yenidən işlənməsində və təkmilləşməsində göstərdiyi köməyə görə ATƏT-in Bakı ofisinə təşəkkürümü bildirirəm. Düşünürəm ki, peşə davarınışı qaydalarının yeni variantı Mətbuat Şurasının işinin daha da təkmilləşməsi baxımından əhəmiyyətlidir.

Prinsipial olaraq bu üç cəhətə diqqət yetirmək zəruridir - ədalətlilik, tərəfsizlik və qərəzsizlik. Bunların pozulması şübhəsiz ki, fəsadlara səbəb olur. Mətbuat Şurası KİV-in monitorinqində bu məsələyə xüsusi diqqət yetirir. Monitorinq zamanı üzə çıxan mənfi tendensiyalardan biri ölkənin aparıcı KİV-ində “qara piar”ın artması ilə bağlı idi. Şura problemi ictimailəşdirmək məqsədilə dəyirmi masa keçirdi. Məsələyə qələm sahiblərimizin reaksiyası da kifayət qədər kəskin oldu. Hazırda “qara piar” səciyyəsi daşıyan materiallara yer vermə faizində geriləmələr yaranıb. Buna görə həmkarlarıma minnətdaram. Əlbəttə, bu, həm də məqsədyönlü tədbirlərin və tövsiyələrin nəticəsidir. Mətbuat Şurası qarşıdakı müddətdə prosesləri daha yaxından izləyəcək və neqativ hallar baş versə, dərhal reaksiya verəcək.

Digər tərəfdən, jurnalistlərin seçki kampaniyasını və seçkinin özünü işıqlandırması da vacib məsələdir. Əvvəlki illərdə olduğu kimi, seçki günü Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Jurnalistlər “qaynar xətt”ə müraciət etməklə peşə vəzifələrini yerinə yetirərkən üzləşdikləri çətinliklər barədə məlumat vermək imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR