Bank Of Baku

Rəşad Məcid: “Yazıçılar Birliyinin 1000 dən artıq üzvü var, onun 800-ü istedadsız adamlardır”

Rəşad Məcid: “Yazıçılar Birliyinin 1000 dən artıq üzvü var, onun 800-ü istedadsız adamlardır”
# 16 noyabr 2007 12:00 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin APA-ya müsahibəsi

- Artıq dörd ildir ki, Yazıçılar Birliyində gənclər üzrə katib vəzifəsində işləyirsiniz. Bu müddət ərzində bir iş görə bildinizmi?
- Ümumiyyətlə, bundan öncəki sual odur ki, Yazıçılar Birliyi lazımdırmı? Bu qurum yazıçılar üçün nə edə bilər? Yazıçı qələmi ilə təkbətək qalıb, yaradan şəxsdir. Yazıçılar Birliyi heç kimi yazmağa təhrik edə bilməz. İndi bütün dünyada ədəbiyyatın nüfuzunu itirməsi prosesi gedir. İnsanlar artıq çox oxumurlar. Bizdə də Yazıçılar Birliyinin lazım olub-olmadığını müzakirə edirlər. Məncə, hələlik müəyyən bir dövr üçün bu təşkilat lazımıdır. Sovet dövründə yazıçılara edilən kömək indi olmadığından onlar yeni dövrə uyğunlaşa bilmirlər. Çox az yazıçı var ki, çətin vəziyyətdən çıxmağı bacarır. Heç olmasa, bu təşkilatın jurnalları nəşr edilir. Azərbaycan kiçik ölkədir, hansısa gənc yazıçının işıqlı misrası olanda, şübhəsiz, mən onu axtarıb tapıram, bacardığım qədər dəstək oluram. Dövlət başçısının yaradıcı insanlara təqaüdlərin verilməsi ilə bağlı imzaladığı sərəncam da bu mənada öz müsbət təsirini göstərəcək. Başqa bir tərəfdən isə yazıçı istər-istəməz problemlərdən sıxılıb yazmalıdır. Yazıçı biləndə ki, ömrünün axırına kimi ayda 500 manatı var, onun yazması da şübhə altına düşür.
O ki qaldı mənim Yazıçılar Birliyinə gəlməyimə, bu sırf Anar müəllimin təşəbbüsü ilə olub. Güman edirəm ki, hər halda gənc yazıçıların ədəbiyyata marağının artması, onlara müəyyən köməkliklər göstərilməsi baxımından müəyyən işlər görə bilmişəm.
- Amma Sizin Yazıçılar Birliyinə gətirilməyinizdən sonra gənc yazıçıların bu təşkilata qarşı mövqeyi bir az da sərtləşdi. Onlar təşkilata qarşı daha radikal mövqe nümayiş etdirməyə başladılar...
- Yox, mən elə düşünmürəm. Bu proses əvvəllər də var idi. Bəzi gənclər Yazıçılar Birliyinin sədri Anarın və digər rəhbər şəxslərin əyin-başlarından tutmuş, yerişlərinə qədər onlara kinayə edən yazılar yazırdılar. Təəssüf ki, bu mübarizə həqiqi yaradıcılıq mübarizəsinə çevrilmir. Bir çoxları özlərinin düşdükləri vəziyyətin günahkarı kimi məhz Anar müəllimi görürlər. Amma bu, səhv yanaşmadır. Bir az yaşlanandan sonra onlar bu səhvlərini başa düşəcəklər. Anar müəllim Yazıçılar Birliyi üçün çox işlər görüb.
- Siz Yazıçılar Birliyinə gələndə barışdırıcı missiya daşıyacağınızı bəyan etmişdiniz. Amma, deyəsən, gənclərlə yaşlıları bir araya gətirmək mümkün olmadı.
- Mən belə söz vermişdim. Arzum idi ki, təkcə gənclərin yox, yaşlı nəslin arasında olan münaqişələrin həll olunmasına çalışım. Katib seçiləndən sonra ilk vaxtlar buna xeyli cəhd elədim. Amma təəssüf ki, alınmadı. Hər iki tərəf öz ambisiyasından əl çəkmədi. Daha doğrusu, o gənclər yaşlı yazıçıları çox incidiblər. Mən onların çap etdirdiyi yazıları oxuyuram. İçərilərində istedadlılar var, münasibətlərim də normalıdır. Amma hiss edirəm ki, onlar hələ yetişməyiblər, formalaşmaları üçün mütləq təcrübə keçmələri lazımdır. Üstəlik də, yazılarında qəsdən, heç yeri belə olmadan qeyri-etik ifadə və söyüşlərin istifadə olunduğunu görürsən. Bunlar hesab edilər ki, belə sözləri yazmaq qəhrəmanlıqdır. Kimsə belə yazılarla sensasiya yarada, hətta müvəqqəti tanına da bilər, amma bu əbədi deyil. Yenə də deyirəm ki, onlar yetkinləşməyib, formalaşmayıb və mübarizə aparmağın yolunu bilmirlər. Məsələn, Rafiq Tağının həbsinə etiraz olaraq İsam dinindən imtina etdiklərini bildirdilər. Mən onlara dedim ki, bu, normal mübarizə aparmağın yolunu bilməmələrindən irəli gəlir. Çünki bu addım ən sonda atılacaq addım idi. Hətta o zaman da bunu etmək olmazdı, sadəcə bununla cəmiyyətin müəyyən hissəsini qorxutmaq olardı. Onlar ən sonda görməli olduqları işi əvvəldə gördülər. Amma şübhəsiz ki, həmin gənclərin içərisində istedadlılar var.
- Axı onlar bunu yazı tərzi, ədəbi terminlə ifadə etsək postmodernizm kimi qiymətləndirir...
- Bilirsiniz, məncə bu, dünyada baş verən proseslərin tərkib hissəsidir. Müşahidə edirsinizsə, insanların işıqlı və ədalətli gələcəyə olan inamı itir. Bu isə başıpozuqluq, xaos yaradır. Bu xaos içində yaranan postmodernist ədəbiyyat keçmişdə olanlara ironiya ilə yanaşmağa başlayır. Müqəddəs heç nə saxlamırlar. Bu tipli ədəbiyyatda da, ayırmaq olmur ki, yazıçı keçmişə münasibətdə həqiqətən ironiya bəsləyir, ya məhəbbətlə yanaşır. Bu da, mənim fikrimcə, dünyanın nizamının pozulmasından irəli gəlir. Quruluşlar dağıldı, kapitalizm sovet insanı üçün açıldı və göründü ki, bu heç də bizim düşündüyümüz qədər ideal cəmiyyət deyilmiş. Kapitalizmdə olan insanların da sosializmə inamları bu quruluşun dağılması ilə öldü və nəticədə bir xaos yarandı ki, o da özünü ədəbiyyatda göstərməyə başlayıb. Bunun nəticəsində də ədəbiyyat bu gün gəlib belə bir vəziyyətə düşüb. Ədəbiyyata münasibət sistemi darmadağın olub.
- Şərq ədəbiyyatının tərkib hissəsi hesab olunan Azərbaycan ədəbiyyatında bu qədər qeyri-etik ifadələrdən istifadə normal təəssürat yaradır?
- Məncə, bunu oxucunu cəlb etmək vasitəsi kimi görürlər. Ancaq bu ədəbi dəyərə çevrilə bilməyəcək, müəllifi də yaxın zamanlarda unudulub gedəcək. Hesab edirəm ki, bu dövrün murdarlaşmasının ədəbiyyatdakı təzahürləridir.
- Məsələn, bir müddət əvvəl gənc yazar xanımlardan biri mübahisə edirdi ki, o, intim şerləri Nuridə Atəşindən daha əvvəl yazıb. Axı, dünya ədəbiyyatında bu tip ədəbi müzakirələr aparılmır. Bəlkə bu ədəbi hakimiyyətə yiyələnmək üçün bir vasitədir?
- Bu qadınların yaradıcılığında həmin məqamların keçici olacağını düşünürəm. Buna görə onların daş-qalaq edilməsinə, barələrində güllələnmə hökmü çıxarılmasına çalışmağın əleyhinəyəm. Bu da bir düşüncə tərzidir, ədəbiyyatda bu cür düşünənlər də olmalıdır, həmişə də olub. Ancaq onların fikirləri hansısa dəyərə çevrilə bilməyəcək. Bu özünün təsdiqə cəhdin bir formasıdır.
- Bəs yaşlı nəsil öz mövqeyində nə qədər haqlıdır?
- Yaşlı nəsil söyüşlə dolu olan əndərəbadi ədəbiyyatı qəbul edə bilmir. Onlar uzun müddət Sovet dövründə yaşayıblar, bundan başqa da müəyyən çərçivə və normalar var.
Onlar bu çərçivələri aşa bilmirlər, bu həqiqətdir.
- Bəlkə Yazıçılar Birliyinin ədəbi orqanlarını narazı gəncliyin üzünə açasınız?
- Bu məsələ dəfələrlə müzakirə olunub. Bizdə bir prinsip konkret qoyulub ki, Yazıçılar Birliyinin orqanı olan jurnallarda qeyri-etik ifadələrin yer aldığı əsərlər çap edilməyəcək. Ola bilsin ki, gənclər də bunun senzura kimi qəbul edirlər. Buna görə də onların yazılarının bu dərgilərdə çap olunması alınmır. Məsələ ondadı ki, onlar yazılarında bu ifadələri yersiz işlədirlər, buna görə də çox bayağı görünür. Onların ağsaqqalı Həmin Herisçinin istənilən yazısını götürüb oxuyun. Həmin yazılarının içərisində o qədər yeri gəldi-gəlmədi, ədəbsiz ifadələr işlədilir ki... Mən bir yazını maraqla oxuduğum yerdə qarşıma belə qeyri-etik ifadələr çıxır. Məsələn, bu yaxınlarda Seymur Baycan Əlisəmid Kür haqqında yazı yazmışdı. Orada maraqlı, istedadlı fikirlər vardı. Əlisəmid haqqında Əjdər Ol da yazıb. Məncə, onun yazısı və təsviri Seymur Baycanın yazısındakı məqamlardan daha güclü və yüksək idi. Çünki Seymur bir neçə yerdə lazım olmadan qeyri-etik məqamları təsvir etmişdi. Bəlkə Seymura elə gəlir ki, bu onun yazısını gözəlləşdirir, amma əksinə effekt vermişdi.
- Etiraf edin ki, Yazıçılar Birliyində bu gənclərlə bağlı məsələlərdə dözümsüzlük var...
- Bəli, mən hər deyilən sözün cavabının verilməsinin əleyhinəyəm. Bəzən orda da deyirəm ki, onların yazılarını Anar müəllimə göstərməyin. Amma kimlərsə tapılır, bu yazıları göstərirlər, o da reaksiya verir. Bunlar da Yazıçılar Birliyinin və Anar müəllimin qıcıqlanmasından ilhamlanıb, daha eybəcər yazılar yazır, fikirlər söyləyirlər. Amma mən sizə deyim ki, onların içində Anar müəllimə qarşı bir məhəbbət var. Onun reaksiyası ilə qürurlanırlar. Məsələn, Anar müəllimin yazıçılarla bağlı bir hekayəsi var. Orda Sirkə Badımcan obrazının prototipi Seymur Baycandır. Seymur Baycan bir neçə yerdə Anar müəllimin onu təsvir etməsini sevinə-sevinə deyib, fəxr edirdi. Mən onu başa düşürəm. Ümumiyyətlə, bugünkü ədəbi gəncliyin içində, müxaliflər də daxil olmaqla Anara həsəd hissi var. Zaman keçəcək, onlar indiki mövqelərinin səhv olduğunu başa düşəcəklər. 70-80-ci illərdə bizim nəsil də Mirzə İbrahimova təxminən indiki müxalif gəncliyin Anara bəslədiyi münasibəti bəsləyirdi. O vaxt mətbuat belə deyildi, ona görə də Mirzə müəllim haqqında çayxanalarda lətifələr, tənqidlər deyirdik. Amma vaxt keçdi, yaşlandıq və səhv etdiyimizi anladıq.
- Bu gün Yazıçılar Birliyini tamamilə gənclərin ixtiyarına vermək mümkün deyil?
- Onlar hər hansı bir işlə məşğul olanda təşkilatçılıq bacarıqlarının olmadıqlarını ortaya qoyurlar. Məsələn, elə götürək yaratdıqları Azad Yazarlar Ocağını. Hələ bilinmir ki, bu təşkilata rəhbərlik edən kimdir. Bu adamlar ən azı 5 il redaksiyalarda külüng vurub, cümlə yazmağı öyrənməli idilər. Ondan sonra cəmiyyəti heyrətləndirmək lazım idi. Ancaq onlardan kənarda da istedadlı gənclər var. Həmin gənclər hələ iddialarını ortaya qoymurlar, oxuyurlar, dil öyrənirlər, daha da zənginləşirlər.
- Bir az əvvəl dediniz ki, katib olanda həm də küsülü olan yaşılı yazıçıları barışdırmağa çalışdım. Anarla Əkrəm Əylislini necə, barışdırmağa çalışdınızmı?
- Anar müəllim Əkrəm Əylislini yüksək qiymətləndirir və hesab edir ki, o, Yazıçılar Birliyində olsa daha yaxşı olar. Ola bilsin, Əkrəm müəllimin xarakterində bir balaca təzadlı məqamlar var. Hər halda elə məqam oldu ki, mən onları barışdırmağa çox yaxınlaşdım.
Amma biz imkan vermədik?
- Nəysə alınmadı.
- Sizə elə gəlmir ki, indi Yazıçılar Birliyində dincəlməyə ehtiyacı olan adamlar daha çoxdur?
- Hərdən Anar müəllim Yazıçılar Birliyi ilə bağlı nigarançılığını dilə gətirib deyir ki, 2009-cu ildə biz bu görülən işlərin hamısını Allah bilir kiməsə qoyub gedəcəyik. Anar müəllimin Yazıçılar Birliyinin gələcək taleyi ilə bağlı nigarançılığı var. İndi orada təmir işləri gedir, prezident bu mühitin canlanmasına dəstək verən sərəncamlar imzalayıb. Bəzən nələrsə yazırlar, amma Anar müəllim bütün həyatı, canı ilə ədəbiyyat adamıdır. Növbəti qurultaydan sonra elə rəhbərlik gəlməlidir ki, görülən işləri davam etdirə bilsin.
- Sizin Yazıçılar Birliyinin sədri olmaq fikriniz var?
- Mən özümü daha çox jurnalistikada görürəm.
- Niyə belə bir fikir formalaşıb ki, yazıçı mütləq araq içməlidir?
- Elə şeylər var ki, onu insan yalnız anormal vəziyyətdə yarada bilər. Bəzən insanın qarşısına elə heyrətamiz əsərlər çıxır ki, adam belə şeyləri normal insanların yaratmasına inanmır. Ola bilsin ki, bəzi yazıçılar o vəziyyətə çıxa bilmədikləri üçün içkiyə əl atırlar. Ancaq içki içmədən də yazmaq mümkündür. Bir şey də var ki, bütün dünyada yazıçılar belədir. Yəni dünyada araqla yazıçı arasında bir isti ünsiyyət var.
- Bu gün Azərbaycanda ədəbi hakimiyyətdə kimdir?
- Əgər çox dinlənilmək, eşidilmək baxımdan yanaşırıqsa, bu gün Azərbaycanda ədəbi hakimiyyətdə Namiq Qaraçuxurludur. Heç olmasa, Namiq Qaraçuxurlu ədəbiyyatdan və sözdən uzaqlaşmış insanları bir neçə bənd ortabab şerə qulaq asdıra bilir. Başqa kimisə ədəbi hakimiyyətdə hesab etmirəm. Çünki müxalif gənclərin jurnalını Rasim Qaraca öz aralarında paylayır. Bizim də jurnalların bir qismi geri qayıdır.
- Dövlət başçısının istedadlı qələm sahiblərinə təqaüdlərin verilməsi ilə bağlı sərəncamına əsasən, Yazıçılar Birliyi yazıçıların siyahısını hazırlamalı idi. Bu məsələ nə yerdədir?
- Biz siyahı hazırlayıb, Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdik. Müxalif gənclərin də bəziləri həmin siyahıya düşməyi çox arzuladır. Hətta bəziləri adlarının siyahıda olması üçün artıq ağıllandığını, birliyə üzv olmaq istədiyini söyləyirdi. Ancaq birmənalı olaraq Yazıçılar Birliyinin üzvü olmayan şəxslər bu siyahıya salınmayıb. 50 nəfərlik siyahıda 20 yer gənclərə, 30 yer isə yaşlı nəslə verilib. Mənim o siyahıdan xəbərim var, ondan idealı mümkün deyil. O siyahıda Anar müəllimin özünə və ailəsinə çox sərt tənqidlər, hətta qeyri-etik ifadələr işlədən insanların adları var.
- Məsələn?
- Vaqif Nəsib, Kələntər Kələntərli və digərləri.
- Seyran Səxavətin adı həmin siyahıda var?
- Təbii ki, var.
- Yazıçılar Birliyinin üzvləri arasında bu siyahı məsələsi ilə bağlı ciddi narazılıq var...
- Təbiidir, təşkilatın 1000-dən artıq üzvü var, onun 800-i istedadsız adamlardır. Hesab edirəm ki, Yazıçılar Birliyində attestasiya aparmaq lazımdır. Məsələn, neçə il Azərbaycanda icra başçısı işləmiş adam qocalanda başlayır roman yazmağa və deyir ki, istəyirəm öləndə Yazıçılar Birliyinin üzvü kimi ölüm.
- Siz də bu adamları üzvlüyə qəbul edirsiniz?
- Demək olar ki, hə. Mən fikirləşirəm ki, bu adamların üzvlüyə qəbul olunması ilə dünya dağılmır.
- Hərdən Sizə elə gəlmir ki vəzifələriniz çoxdur?
- Hərdən mənə də elə gəlir. Bəzən bu işləri çatdıra bilmirəm. İndi onların bəzilərindən imtina etmişəm. Mənə ən çox zövq verən iş qəzetçilikdir. Hər səhər “525-ci qəzet”i əlimə alanda zövq alıram. Doğrudur, son vaxtlar qəzeti ürəyimiz istəyən kimi buraxa bilmirik. Ümumiyyətlə, bu gün Azərbaycan mətbuatının durumunda problem var. Amma bütün hallarda qəzetçilik mənə daha doğma sahədir.
- Sizə elə gəlmir ki, “525-ci qəzet”in tirajının azlığı müxalifliyinin azalması ilə bağlıdır.
- Əlbəttə, cəmiyyət bizdən daha çox tənqidi yazılar gözləyir. Amma diqqətlə oxunanda görmək olar ki, biz çatışmayan cəhətləri deyirik. Azərbaycan oxucusuna isə bu şəkildə yox, daha emosional formada yazılar maraqlı görünür. Bu gün qəzet artıq operativ informasiya vasitəsi funksiyasını itirir. Hesab edirəm ki, bu gün qəzet daha çox cəmiyyətin mövqeyi ilə bağlı yazılara yer verməlidir.
- 15 illik yubileyinizi qeyd edəcəksiniz?
- Xeyr, bu gün mətbuatın belə ağır durumunda, jurnalistlərin həbs olunduğu bir dövrdə təntənəli yubiley keçirməyi düşünmürük. Həm də maddi sıxıntılar böyük tədbir keçirməyimizə imkan vermir.
- Jurnalistlərin həbsinə münasibətiniz necədir?
- Mən bütün hallarda jurnalistin sözə görə həbs olunmasının tərəfdarı deyiləm. Bu gün artıq səkkiz jurnalistin həbsdə olması Azərbaycan üçün baş ucalığı gətirən hadisə deyil. Biz xarici səfərlərdə olanda da bunun tənəsini hiss edirik.
- Niyə deputat seçilə bilmədiniz?
- Bir neçə dəfə namizədliyimi vermişəm. Sonuncu dəfə isə fikirləşdim ki, nəticə olmayacaqsa, axıra qədər getməyə ehtiyac yoxdur. Bəlkə də, gələcəkdə daha irəli getmək üçün geri çəkildim. /APA/

P. S. Bu müsahibə qəzetlərdə dərc olunan gün “525-ci qəzet”in 15 yaşı tamam olacaq. APA-nın kollektivi “525-ci qəzet”dəki həmkarlarımız ad günü münasibətilə təbrik edir, qəzetin 100 illiyinin qeyd edilməsini arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR