Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı keçirilib

Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı keçirilib
# 14 sentyabr 2015 14:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı keçirilib. APA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, tanınmış incəsənət xadimləri iştirak edib.

Açılış mərasimində Gəncə Dövlət Dram Teatrının aktyorları Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrinin əsərlərindən parçalar nümayiş etdiriblər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxıb, məktəblilərin çıxışlarını dinləyiblər.

Tədbir Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Tədbir çərçivəsində Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq olub. Nazir Ə. Qarayev, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı E. Vəliyev, tanınmış teatr və incəsənət xadimləri yaradılan şəraitlə tanış olub, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar.

Mərkəzlə tanışlıqdan sonra Nizami Gəncəvinin heykəli önündə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı proqramla çıxış edib.

143-cü teatr mövsümünün açılışı münasibəti ilə Gəncə Dövlət Kukla Teatrının təmirdən sonra açılışı olub. Mədəniyyət və turizm naziri Ə. Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E. Vəliyev teatrın açılışını bildirən qırmızı lenti kəsib, iştirakçılar teatrda yaradılan şəraitlə tanış olublar.

Teatr bayramı Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılışı ilə davam edəcək. Açılışda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR