Türkiyədə beynəlxalq müdafiə sərgisi başlayıb - FOTOSESSİYA

Türkiyədə beynəlxalq müdafiə sərgisi başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2013 07:00 (UTC +04:00)

APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin himayəsi ilə Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondu (TSKGV) tərəfindən təşkil olunan IDEF-2013-də 49 ölkədən 800-dən artıq firma öz məhsul və xidmətlərini nümayiş etdirir. 66 ölkədən rəsmi nümayəndə heyətləri sərgidə ziyarətçi qismində iştirak edir.

Sərgidə Türkiyə müdafiə sənayesi özünün son yeniliklərini təqdim edir. Türkiyənin əsas aparıcı aviasiya və kosmos qurumu olan TAİ şirkəti IDEF-2013-də Türkiyənin ilk Milli təlim təyyarəsi olan «Hürkuş»u, Otokar şirkəti hərəkət və atış testlərini başa vurmuş «Altay» tankı ilə yanaşı ilk «Tulpar» adlı piyadaların tırtıllı döyüş maşınını, «Ural» adlı zirehli personal daşıyıcını, «Cobra» zirehli maşınlar ailəsinin yeni nəsli olan COBRA II maşınını, Makina və Kimya Sənayesi Qurumu (MKE) Modern Piyada Tüfəngini ilk dəfə bu sərgidə nümayiş etdirəcək.

Sərgidə Türkiyədən əlavə Almaniya, ABŞ, Avstraliya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmrlikləri, Belçika, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Çexiya, Çin, İndoneziya, Fransa, Cənub Afrika Respublikası, Hollandiya, İngiltərə, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Koreya, Litva, Pakistan, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sloveniya, Ukrayna, İordaniya və Yunanıstandan şirkətlər iştirak edir. Onların arasında dünya hərbi sənayesinin Raytheon, Lockheed Martin, Boeing, BAE Systems, MBDA, Denel, EADS, Flir Systems, ASELSAN, FNSS, HAVELSAN, MKEK, Mercedes Benz, KMW, MTU, Navantia, Pakistan Aeronautical Complex, ROKETSAN, SAAB, TAİ, THALES, KADDB və s. kimi tanınmış firmaları yer alır. IDEF -2013 sərgisində ilk dəfə olaraq Qazaxıstanın Kazspesexport şirkəti də ayrıca stenddə öz məhsullarını nümayiş etdirir.

IDEF – 2013 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ayrıca stendlə təmsil olunur. Azərbaycan sərgidə 130 adda müdafiə təyinatlı məmulat, o cümlədən, 14.5 mm çaplı «İstiqlal», 12.7 mm çaplı «Mübariz» antimaterial snayper tüfənglərini, UP-7.62 universal pulemyotu, 40 mm çaplı RPG-7V2 «Qaya» adlı əl qumbaraatanı, 60 və 82 mm çaplı minaatanlar, atıcı silahları və atıcı silahlar üçün müxtəlif çaplı sursatlar, optik sistemlər, aviasiya bombaları, müxtəlif patron kartricləri, elektron çap lövhələri, şəffaf avtomat daraqları, əleyhqaz, AZ-2M və AZ-BP tipli pilotsuz uçuş aparatlarını nümayiş etdirir.

MSN sərgidə həmçinin Azərbaycan hərbi sənayesinin tarixində ilk dəfə olaraq yerli istehsal olan 4x4 təkər formulu «Gürzə» adlı maşın üzəri silahlandırılmış şəkildə nümayiş etdirir. Xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan «Gürzə»nin silahlanmasına iki ədəd 7.62 mm, bir ədəd 12.7 mm çaplı pulemyot daxildir. Bundan başqa, Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış 7.62x51 mm-lik “Yalquzaq” snayper tüfəngi və 7,62x54 mm-lik HP-7.62 hücum pulemyotu da sərgiyə çıxarılan yeni məhsullar arasında yer alır.

Sərgidə Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumlarından nümayəndə heyətləri ziyarətçi qismində təmsil olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR